Böyük proses başladı: dünyanın yarısının gözü Bakıda

“Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadır”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert, deputat Vüqar Bayramov qeyd edib.

O xatırladıb ki, 120 dövləti birləşdirən hərəkat ölkələrin bir yerdə cəmləşdiyi ən böyük qrupdur:

“Bu, BMT-dən sonra qlobal olaraq ikinci ən böyük təşkilat hesab olunur. BMT üzvlərinin üçdəikisinin birləşdiyi hərəkat dünya əhalisinin 55 faizini özündə cəmləşdirib.

Hərəkata üzv dövlətlərdə il ərzində 15 trilyon dollara yaxın ÜDM formalaşdırır. Bu, qlobal iqtisadiyyatın 15 faizindən çoxu deməkdir. Ötən il hərəkata üzv dövlətlərin 4.5 trilyon dollardan çox ixracatı olub”.

İqtisadçı qeyd edib ki, Azərbaycanın hərəkatın fəaliyyətində fəal iştirakı və aktiv sədrliyi ölkəmizin geo-siyasi mövqeyinin daha da güclənməsinə şərait yaradır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin son Zirvə görüşündəki çıxışı hərəkat vasitəsilə BMT və eləcə də Bretton-Vuds qlobal idarəetmə sistemində yeni təkmilləşdirməyə ehtiyacın olması və dəyişikliklərin necə aparılması ilə bağlı konkret istiqamətlərin təqdimatına imkan yaratdı. Ölkəmizin sədrliyi bir daha təsdiq etdi ki, Azərbaycan nəinki qlobal təşkilatlarda fəal iştirak edən, hətta bu qurumların idarə edilməsində aktiv mövqeyə malik dövlətlərdəndir”.

Zaira Akifqızı
Globalinfo.az