Böyük müharibə ərəfəsindəyik: Əliyev də dedi ki… – Politoloq

Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırması dünya siyasi arenasında hələ də müzakirə olunan və narahatlıqla qarşılanan əsas məsələlərdəndir. Son olaraq Kremlin Moldovada (Dnestryanı) Ukrayna tərəfindən hərbi aktivliyin yaradılacağı haqda açıqlaması savaşın miqyasının böyüyəcəyi ilə bağlı fikirlərin səslənməsinə səbəb olub. Burada isə narahatlıq doğuran məqam nüvə müharibəsi ehtimalının reallaşmasıdır.

Mövcud vəziyyəti Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov Putinin bu addımını “düşünülmüş psixoloji həmlə” adlandırıb:

“Artıq Rusiya və ABŞ Ukraynada davam edən müharibə səbəbilə bir-birilərini açıq şəkildə təhdid edirlər. Co Baydenin Kiyevə gözlənilməz səfəri, həmçinin Vladimir Putinin Federal Məclisə müraciətində strateji silahların azaldılması ilə bağlı razılaşmadan çəkildiyini elan etməsi proseslərin gedişatında psixoloji təsir amilini gücləndirir. Sirr deyil ki, Qərb Ukraynaya bütün istiqamətlərdə dəstək göstərərək Rusiyanı zəiflətməyə çalışır. Bu baxımdan Kremlin müttəfiqləri də açıq şəkildə silah yardımından çəkinmirlər. Əslində, faktiki olaraq III Dünya müharibəsi ərəfəsindəyik. Bu barədə Prezident İlham Əliyev də çox vacib fikirlər səsləndirib.

Mövcud vəziyyətdə Rusiya bu qərarla Qərb dövlətlərinin geri addım atmasına çalışır. Bu, psixoloji həmlədir. Enerji böhranına görə ABŞ və Britaniyanın Ukrayna prosesi ilə bağlı qərarlarından narazı olan digər dövlətlər Rusiyanın bu addımından sonra daha ciddi nahatlıq keçirəcəklər. Avropaya ciddi təhdid yaradacaq silahlardan istifadənin qarşısını almaq üçün Ukraynaya dəstəyi müəyyən qədər azalda bilərlər”.

X.Bəşirov müharibənin nəticələrinin bütün ölkələrə mənfi təsiri olacağını bildirib:

“Rusiya soyuq qış aylarında daha ciddi hücuma keçdi. Kremlin məlumatına görə, Baxmutun şimal-qərb hissəsi mühasirəyə alınıb, yaxın zamanda nəzarətə götürüləcək. Bu baxımdan qış Rusiya üçün vacib idi, amma yay aylarına doğru üstünlüyün Ukrayana tərəfinə keçəcəyini düşünürəm. Kreml müttəfiqlərinin də müharibədə Rusiyaya dəstək verdiyini, tək olmadığını göstərməyə çalışır. Fikrimcə, yaxın həftələrdə tərəflər arasında daha şiddətli döyüşlər başlayacaq”.

Ayşən Mustafa
Globalinfo.az