“Böyük Dəbilqə”: Cüdoçularımız ikinci gündə 2 qızıl, 1 gümüş medal qazandı

Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş medal qazanıblar.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, Hidayət Heydərov və Zelim Tçkayev birinci, Ömər Rəcəbli isə ikinci yeri tutub.

73 kiloqram çəkidə bütün rəqiblərindən güclü olan Hidayət Heydərov finalda Abubakr Şeronu (Tacikistan) da üstələyərək, növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub.

81 kiloqram çəkidə isə Azərbaycan finalı baş tutub. Həlledici görüşdə komanda yoldaşı Ömər Rəcəbliyə qalib gələn Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ö.Rəcəbli isə gümüş mükafata yiyələnib.

Digər cüdoçu Rəşid Məmmədəliyev (73 kiloqram) bürünc medal uğrunda dueldə Artur Marqelidona (Kanada) uduzub.

Qeyd edək ki, ilk gündə Azərbaycan cüdoçuları Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda tacikistanlı Abubakr Şerova qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Millinin digər üzvü Rəşid Məmmədəliyev (73 kiloqram) isə üçüncü yer uğrunda görüşdə kanadalı Artur Margelidona məğlub olub.

Bu gün Azərbaycanın digər cüdoçuları – Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kiloqram) qızıl medal görüşünə çıxacaqlar. Onlar öz aralarındakı qarşılaşmada birinci yerin sahibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal əldə ediblər.

Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.