İrəvanın dostu sevindi, lakin fəlakət yaxınlaşır

“Argentinanın yeni prezidenti Xavyer Mileyin dəbdəbəli andiçmə mərasimi keçirsə də, ölkəsinin iqtisadi vəziyyəti ağırdır. “The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Argentinanın milli valyutası pesonun məzənnəsinin təxminən yarıya qədər endiriləcəyi bildirilib. Belə olan halda dollar yenidən bahalaşacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, yeni prezident hökumətin xərclərini azaltmaq və dövlət büdcəsinin yükünü azaltmaq məqsədilə 18 nazirliyin əvəzinə 9 nazirliyin fəaliyyət göstərəcəyi qərarını verib:

“Bundan başqa, bütün infrastruktur layihələrinin icrası dondurulacaq. Yeni kabinet bu mövqedədir ki, hökumətin gördüyü tədbirlər qısa müddətdə Argentina əhalisinə ziyan vuracaq. Buna baxmayaraq, Argentina üçün başqa alternativ qalmayıb. Argentinanın maliyyə naziri bildirib ki, ölkə qazandığından çox xərcləyə bilməz. Beləliklə, Argentinanı ağır günlər gözləyir.

Yeni prezident xarici siyasətdə də köklü dəyişikliklər vəd edib. Argentinanın keçmiş prezidenti ölkəsinin BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacağını açıqlamışdı. Yeni seçilmiş prezident Xavyer Mileyin bu təşkilata qoşulmağın əleyhinədir. Onun müşavirləri də eyni mövqedədirlər. Yeni prezident ABŞ və İsrail kimi dövlətlərlə sıx əlaqələr qurmaq istəyir.

Elxan Şahinoğlu

Buna baxmayaraq, yeni prezidentin Çindən gözləntisi var. Yerli “La Nación” nəşrində yayımlanan məqalədə Argentina prezidentinin Çin lideri Si Szinpinə məktub yazdığı bildirilib. Həmin məktubda Mileyin Szinpindən xahiş edib ki, Çin milli valyutasından istifadəyə imkan verilsin. Argentina Çin milli valyutası vasitəsilə Beynəlxalq Valyuta Fonduna borclarını ödəməyi planlaşdırır.

Çin Argentinaya borc verə bilər, ancaq şərtlərini də diktə edəcək. Çindən borc alan ölkələr daha sonra Pekinin siyasi istəklərinə “yox” deyə bilmirlər. Halbuki Argentinanın yeni prezidenti seçkidən əvvəl bəyan etmişdi ki, onun kommmunistlərlə ortaq işi olmayacaq. Yeni prezident bu vədinə baxmayaraq, Çin kommunistlərinə ağız açmaq məcburiyyətində qalıb. Pekin bunun qarşılığında Argentina prezidentinin BRİCS barədə qərarını dəyişməsini istəyəcək. Digər tərəfdən Argentina və Çin keçmiş illərdə “Bir kəmər, bir yol” layihəsi ilə bağlı əməkdaşlıq planı imzalamışdılar. Pekin Argentinanın yeni prezidentinin bu planı yerinə yetirməsini də istəyəcək”.

Qeyd edək ki, Argentinanın yeni prezidenti Xavyer Mileyin Ermənistana loyalist münasibəti ilə seçilir.

Turan Rzayev
Globalinfo.az