bolton

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton dövlət sirri təşkil edən məlumatlarla düzgün davranmadığını məhkəmədə etiraf edib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, Bolton istintaqla razılaşma əldə edib.

Razılaşma çərçivəsində o, irəli sürülən ittihamlardan bir epizod üzrə günahını qəbul edib və 2 milyon dollardan çox məbləğdə cərimə ödəməyə razılaşıb. Keçmiş müşaviri 5 ilə qədər həbs cəzası gözləsə də, məhkəmə hökmündə həbsdən kənar cəza da nəzərdə tutula bilər.

2025-ci ilin sentyabrında Politico nəşri Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşlarının Boltonun ofisində aparılan axtarış zamanı məxfi sənədlər aşkarladığını yazıb. Söhbət kütləvi qırğın silahları, ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi və Vaşinqtonun strateji kommunikasiya məsələləri ilə bağlı materiallardan gedir.

Məxfi sənədlərin Vaşinqtonun mərkəzində yerləşən Boltonun ofisində tapıldığı bildirilir. Boltonun evi və ofisində axtarışlar 2025-ci il avqustun 22-də aparılıb. Axtarış zamanı kompüterlər və digər elektron cihazlar da götürülüb.

Donald Trampın kəskin tənqidçilərindən biri kimi tanınan Con Bolton Vaşinqtonun ən sərt mövqeli siyasi fiqurlarından biri hesab olunur. O, 2018–2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb. Həmin dövrdə prezident olan Donald Tramp fikir ayrılıqları səbəbindən Boltonu vəzifəsindən uzaqlaşdırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: