BMT sentyabr döyüşlərini müzakirəyə çıxarır – Nələr gözlənilir?

Bu gün saat 23:00-da Ermənistanın müraciəti əsasında BMT TŞ-nin iclası baş tutacaq. Artıq BMT-nin saytında iclasın gündəliyi dərc edilib. Gündəliyə əsasən iclasda Ermənistanın 1 avqust tarixli müraciəti (Laçın rayonunda vəziyyət) deyil, BMT-dəki nümayəndəsinin 13 sentyabr 2022-ci il tarixli məktubu müzakirə ediləcək.

Maraqlıdır, BMT TŞ nə üçün Ermənistanın 1 avqust tarixli müraciətini yox, 13 sentyabr 2022-ci ildə sərhədyanı ərazilərdə baş vermiş insidentlə bağlı müraciətini müzakirəyə çıxarır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhməd Əlili deyib ki, 13 sentyabr 2022-ci il tarixli məktubda Ermənistanın Azərbaycanla münasibətindən bəhs edilir:

“Qarabağa, Laçın yoluna aid məsələlər beynəlxalq hüquqla Azərbaycan ərazisində baş verir. Bu barədə BMT TŞ-nin qarşısında ya müvafiq beynəlxalq təşkilat, ya da məsələyə aidiyyəti olan bir ölkə iddia qaldıra bilər. Məsələn, Rusiya sülhməramlı kontingentinin beynəlxalq mandatı olsaydı, iddia qaldıra bilərdi”.

Ekspert bugünkü toplantıda Laçın yolu, Qarabağ, “humanitar fəlakət” kimi mövzuların müzkairə edilib-edilməyəcəyinə aydınlıq gətirib:

“13 sentyabr 2022-ci il tarixli məktub BMT TŞ-nin 9397-ci görüşündə iştirak üçün “giriş biletidir”. Daxil olduqdan sonra çıxış üçün bu mövzuları da gündəliyə gətirmək olar. Eyni zamanda, digər məktublar əsasında deyil, məhz 13 sentyabr 2022-ci il məktubu əsasında BMT TŞ-nin görüşünə icazə almaq Ermənistanın Qarabağ məsələsi ilə bağlı məhdudiyyətlə üzləşdiyini göstərir.

Əhməd Əlili 

Bundan sonra proseslərin necə inkişaf edəcəyi artıq BMT TŞ-də olan daimi və qeyri-daimi üzvlərin siyasi mövqelərindən asılıdır. Bir sıra yeni istiqamətlər meydana çıxa bilər. Ona görə də həm Azərbaycan XİN, həm də Ermənistan XİN görüş öncəsi aktivlik nümayiş etdirib, müvafiq ölkələrin XİN rəhbərləri ilə telefon danışıqları keçiriblər.

Ümumilikdə isə dinləmələri son 2-3 ayın siyasi proseslərini yekunlaşdıracaq həmlə kimi dəyərləndiririk. Ona görə də nə ciddi təlaş keçirmək, nə də məsələyə qeyri-ciddi yanaşmaq lazımdır”.

Turan Rzayev
Globalinfo.az