BMT missiyasının Qarabağa gəlməsi nə vəd edir? – Şərh

“BMT missiyasının Qarabağa gəlməsi erməni yalanlarının ifşası baxımından əhəmiyyət kəsb edir”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov BMT missiyasının Qarabağa gəlməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın BMT-dən əsas istəyi real vəziyyəti doğru, düzgün və qərəzsiz şəkildə təqdim etməsidir:

İlyas Hüseynov

“Çünki bu gün Azərbaycana qarşı qərəzli şəkildə qarayaxma kampaniyası aparılır və bu kampaniyaya Ermənistanın havadarları başçılıq edir. Biz bunu istər ekoloqlarımızın Şuşada dinc aksiyasının dünya ictimaiyyətində yanlış təqdim edilməsi, istərsə də Laçın yolunun bağlanması və ermənilərin guya aclığa düçar edilməsi kimi yalan məlumatlar ilə gördük.

Azərbaycanı bu gün maraqlandıran əsas məsələ regionda davamlı sülhün olması və bunun qorunmasıdır. Ermənilərin Qarabağ iqtisadi rayonu tərk etməsi onların müstəqil seçimidir. Rəsmi Bakı bu seçimə hörmətlə yanaşır və onlara heç bir maneə törətmir. Qalmaları yönündə hər hansı bir təzyiq edilsə idi ermənilər bunu da fərqli təqdim edər, qarayaxma kampaniyası üçün arqument olaraq görərdi.

Azərbaycan humanist dəyərlərdən çıxış edərək ermənilərin seçiminə hörmətlə yanaşır. Azərbaycanın yürütdüyü siyasət praqmatizmə əsaslanır”.

Politoloq deyib ki, BMT-dən başqa digər qurumlar da oxşar missiyalarla regiona gələ bilərlər:

“Rəsmi Bakının buna heç bir maneəsi yoxdur. Əksinə, bu bizim açıq, şəffaf, doğru-düzgün siyasətimizi əks etdirir. Bizim üçün hansısa qaranlıq məqam yoxdur. Açıq siyasətin tərəfdarıyıq. Digər missiyaların regiona gəlməməsi, onlardan imtina edilməsi doğru olmazdı. Yəni gələcəkdə Aİ, MDB, YUNESKO kimi təşkilatların da missiyaları Qarabağa gələ bilər”.

Turan Rzayev
Globalinfo.az