Bizə işğal doğuran “demokratiya” əvəzinə… – Zahid Oruc

“Human Rights Watch” son 30 ildə Qarabağın demokratiya və azadlıq indeksini ölkəmizdən irəliyə qoyub. Əslində belə hesabatlar və “Demokratiya zirvələri” işğalçılığın, separatizmin qorunmasına xidmət edir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin iclasında bildirib.

Onun sözlərinə görə, Misirə, Liviyaya, Yaxın Şərqə inqilab ixrac edənlər yüz minlərlə insanı demokratiyaya görə qətlə yetiriblər: “İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan 2-ci Saakaşvili düzəldirlər.

“Wikileaks” sənədləri göstərir ki, İlham Əliyev on illərlə Amerika və qərbli liderləri ölkəmizin təhlükəsizliyinə təminat vermədən, işğala son qoymadan diqtə altında hakimiyyət qurmağın xaosa səbəb olacağına inandırmağa çalışıb.

Əfqanıstanda 20 il ərzində 800 milyard dollar xərcləyəndən sonra qurulan ordu və hökumətin cəmi bir həftə tab gətirdiyini heç kəs unutmur. 100 minlərlə insanın ölümünə səbəb olan müharibəyə xərclədikləri 150 milyard dollarlıq hərbi yardımı dağılmamış Ukraynaya versəydilər, demokratiya ixracına ehtiyac qalmazdı.

Əlbəttə, ölkəmizdə seçkilər, insan haqları və demokratik azadlıqlar sahəsində görüləsi işlər hələ çoxdur. Lakin 90-cı illərdə beynəlxalq hesabatlarda bizə ön yeri verənlər, torpaqlarımız işğala uğrayanda ona yardım etdilər. 2020-ci ildə isə ordumuz Şuşanı fəth edərkən, xarici indekslərin heç bir əhəmiyyəti qalmadı. Bizə işğal və qeyri-sabitlik doğuran “demokratiya” əvəzinə, azadlıq və torpaq bütövlüyü gətirən təhlükəsizlik gərəkdir”.