“Biz artıq qələbə xəbərini yaymış mediayıq” – Vüsalə Mahirqızı APA-nın 18 illik hekayəsini özətləyir

Bu gün “Azəri Press Agenliyi”nin (APA) yaranmasından 18 il ötür.

Bu müddət ərzində APA ölkənin aparıcı xəbər agentliyi kimi ilk sıralarda irəliləyir. 20 ilə yaxındır ölkə mətbuatı APA-nın xəbərlərinə ən mötəbər mənbə kimi istinad edir. Agentlik mediamızın istinad divarlarından biridir.

Globalinfo.az 18 yaşlı APA Holdinqin rəhbəri Vüsalə Mahirqızıdan açıqlama alıb.

“APA Holdinq”in rəhbəri ilk olaraq Globalinfo.az saytını fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, Globalinfo.az-ın Azərbaycan media məkanında layiqli yerlərdən birini tutacağından əminliyini ifadə edib.

“APA-nın uğurunun sirri nədir” sualına cavabında Vüsalə xanım, bunu Azərbaycan dövlətinin yaratdığı münbit şəraitlə əlaqələndirib. O, xəbər işi ilə məşğul olmaq üçün ölkədə media mühitinin normal olmasının vacibliyini vurğulayıb:

“Həmçinin, bu, xəbər strategiyası qura bilən yaxşı kollektivin olmasından, həmin kollektivin idarə edilməsindən asılıdır. Fikrimcə, Azərbaycanda yaxşı media qurumlarından biri də APA və onun ətrafında formalaşmış APA Media Qrupudur. 18 il media qurumu üçün müstəqillik yaşı gənc olan ölkəmizdə yaxşı göstəricidir. İnanıram, bu yaşa uğurla, yaxşı nəticələrlə çatmışıq”.

V.Mahirqızı APA-nın ilkin vaxtlarından keçən müddətdə baş verən dəyişikliklərdən bəhs edərkən böyük təcrübənin qazanıldığını qeyd edib:

“Biz fəaliyyətə başlayanda torpaqlarımız işğal altında idi, ölkədə sürətli inkişaf yeni başlamışdı. Artıq Azərbaycan beynəlxalq aləmdə sözünü deyə bilən, torpaqlarını işğaldan azad etmiş qalib bir ölkədir. Xəbər işi ölkənin birmənalı olaraq geostrateji mövqeyi və nüfuzu ilə birbaşa bağlıdır. Bu baxımdan 2004-cü ildən APA-nın inkişafı Azərbaycanın inkişafı ilə adekvatdır. Biz artıq qələbə xəbərini yaymış bir mediayıq. Elə 44 günlük müharibə bizim əməkdaşlarımızı xeyli peşəkarlaşdırdı. İndi bizim savaş müxbirlərimiz var. APA fəaliyyətə başlayanda sosial media yox idi. İndi isə xəbər məkanı, bütövlükdə dünya dəşib. Yaşımız artdıqca yenilənən mediaya, dəyişən dünyaya uyğunlaşırıq”.

O, yeniliklərdən danışarkən yeni layihələrin sosial media üzərindən olacağını deyib:

“Çünki sosial media siyasətinin gətirdiyi gerçəkliklər göstərir ki, onlayn strukturlar, yeni saytlar yaratmaq o qədər də effektli deyil. Artıq hər istiqamətdə fəaliyyət göstərən saytımız var. “YouTube” platforması üzərindən bir neçə böyük layihəmiz olacaq. Media haqqında yeni qanun layihəsi qəbul edildikdən sonra APA TV-nin lisenziya alması üçün işlər gedir. Ümid edirəm ki, 2023-cü ildə yayımı təşkil edəcəyik”.

Globalinfo.az-ın kollektivi Vüsalə Mahirqızını və APA-nın bütün əməkdaşlarını yaradılış günləri münasibəti ilə təbrik edir, uğur arzulayır.

Gülnar Səlimova,

Globalinfo.az