Birinci Azərbaycan-Mərakeş Biznes Forumu keçirildi – FOTOLAR

Noyabrın 14-də xarici işlər naziri Ceyhun Bayramov Mərakeşdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası çərçivəsində təşkil edilmiş I Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak edib.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, tədbirdə çıxış edərək, nazir Ceyhun Bayramov Birgə Komissiyanın iclası çərçivəsində təşkil olunan bu Forumun ikitərəfli ticarətin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişlərin əldə olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Nazir ikitərəfli iqtisadi istiqamətdə, o cümlədən ticarət və investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq və s. sahələrdə iki ölkə arasında istifadə edilməmiş potensialımızın mövcudluğunu qeyd edib.

Nazir, Azərbaycanın Şərqlə Qərbin kəsişməsində strateji yerləşməsi və Mərkəzi Asiyaya yaxınlığı investorlar üçün daha bir üstünlük olduğunu diqqətə çatdırıb.

Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığımıza əlavə fayda verə biləcəyi vurğulanaraq, Azərbaycan və Mərakeşin strateji coğrafi yerləşməsinin ölkələrimizin müvafiq ticarət limanları arasında əməkdaşlığı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa imkan verəcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Bakı Limanı tərəfindən mərakeşli həmkarları ilə müvafiq anlaşma memorandumlarının imzalanmasını yüksək qiymətləndirib.

Nazir, Mərakeş investorlarını və şirkətlərini Ələt Azad İqtisadi Zonasında, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və onun hüdudlarından kənarda biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.

X X X

Mərakeşə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, forum hər iki ölkədə mövcud biznes və investisiya imkanları barədə praktiki fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olub.