İran və ABŞ arasında gərginlik böyüyüb.
Globalinfo.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını açıqlayıb.
“Press TV”nin məlumatına görə, bu qərar növbəti bildirişədək və ABŞ-ın regiondakı müdaxiləsi başa çatana qədər qüvvədə qalacaq.
Bildirilib ki, bu müddət ərzində heç bir gəmiyə boğazdan keçməyə icazə verilməyəcək.
SEPAH bir neçə xəbərdarlıqdan sonra bir gəmini məcburi şəkildə dayandırıb.
Məlumata görə, gəmi naviqasiya sistemlərini söndürərək dəniz təhlükəsizliyini risk altına qoyub.
“Reuters” agentliyi yazır ki, SEPAH Hörmüz boğazından keçən, Kipr bayrağı altında üzən M/V GFS Galaxy konteyner gəmisinə hücum edib.
İddia olunur ki, gəmi təsdiqlənməmiş marşrutla hərəkət edirdi. Ekipaj üzvlərindən biri itkin düşüb, gəmidə yanğın başlayıb. Agentliyin məlumatına görə, gəminin mühərrik bölməsi ciddi zədələnib.
Daha sonra Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) hücuma məruz qalan konteyner gəmisinin ekipajının gəmini tərk edərək xilasetmə qayığına mindiyini açıqlayıb.
Tehranın qərarına cavab olaraq ABŞ Silahlı Qüvvələri İrana yenidən zərbələr endirib.
“Axios”un jurnalisti Barak Ravid deyib ki, hücumlar Hörmüz boğazı ətrafındakı İran hərbi obyektlərinə yönəlib.
Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, radar stansiyaları, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı və buraxıldığı məntəqələr olub.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yeni zərbələri təsdiqləyib. Daha sonra ABŞ-ın müdafiə naziri Pit Heqset əməliyyatın səbəbini açıqlayaraq bildirib:
“İran yanlış seçim etdi. İndi bunun əvəzini ödəyir”.
İran KİV-ləri Bəndər-Abbas, Sirik və ölkənin cənubundakı daha dörd şəhərdə partlayışların baş verdiyini yazıb.
Buna cavab olaraq Tehran Yaxın Şərqdə yerləşən ABŞ obyektlərinə silsilə raket zərbələri endirib.
Bəhreyndə hava həyəcanı elan olunub. BƏƏ və Qətərin müdafiə nazirlikləri də İranın hücumlarının dəf edildiyini bildiriblər.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton İranın xahişi ilə münaqişənin nizamlanması üzrə danışıqları davam etdirməyə razılaşıb, lakin atəşkəs artıq başa çatıb.
O qeyd etmişdi ki, ABŞ Tehrandan Hörmüz boğazında gəmilərə hücumları dayandıracağını və boğazın ödənişsiz şəkildə gəmiçilik üçün açıq olacağını açıq şəkildə bəyan etməsini tələb edir.
Tramp daha əvvəl İranla danışıqların davam etdirilməsini “vaxt itkisi” adlandırmışdı.
O həmçinin bəyan etmişdi ki, əgər İran tərəfindən ona qarşı sui-qəsd cəhdi olarsa, administrasiyasına İrana genişmiqyaslı zərbələr endirilməsi barədə göstəriş verib.
Trampın sözlərinə görə, tam döyüş hazırlığında olan min raket İrana tuşlanıb.
Əliyar Xəlil
Globalinfo.az