Bir gecəyə Əlisa Nicat üçün bu qədər pul toplandı, oğlu inanmadı

 

“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun əlverişsiz şəraitdə yaşayan yazıçı Əlisa Nicatla bağlı paylaşımından sonra sosial şəbəkə istifadəçiləri yardım kampaniyasına qoşulub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat yayan Ş.Xuduoğlu artıq 6987 manat toplanıldığını deyib.

“Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecəboyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyir yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı “vay dədə, bu nədi” dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir.

Bir neçə özəl şirkət, həmçinin futbolçu Qara Qarayev köməklik təklif edib. Aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir. Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi-hüdudu yoxdur. İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər. Az , ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Bir daha əmin oldum; bu xalq möhtəşəmdir! Biz birlikdə güclüyük!”, – Ş.Xuduoğlu bildirib.