
Vətəndaşlar Binəqədi şosesi ilə “Baksol yolu”, həmçinin Biləcəri istiqamətinə gedən yolun kəsişməsində yaranan xaotik vəziyyətdən şikayətçidirlər.
Globalinfo.az xəbər verir ki, onların sözlərinə görə, qeyd olunan ərazidə hərəkət düzgün tənzimlənməyib.
“Bir-birlərini gözləmirlər. Buna görə tıxac yaranır. Çox zülm, əziyyət çəkirik”, – deyə sürücülərdən biri narazılığını Baku TV-yə ifadə edib.
Digər bir vətəndaş isə bildirib ki, problem yolun özündədir: “İstəsələr, yolu genişləndirə bilərlər. Ərazidə hərəkət düzgün tənzimlənmir”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, illərdir həmin ərazidə vəziyyət dəyişməyib. O bildirib ki, sözügedən ərazidə yeni yanaşmaya ehtiyac var.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında sözügedən ərazidə layihənin icrası nəzərdə tutulub.