img 20250811 wa0160

Biləsuvar rayonunda baş verən ağır qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, avqustun 11-də saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90,5-ci kilometrliyində “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, “99 BB 480” dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub. Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər nəqliyyat vasitəsi – “99 SS 957” dövlət qeydiyyat nişanlı “VAZ 21015”in sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər. Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Ümumilikdə qəza nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi xəstəxanaya hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda baş verən qəzanın bəzi təfərrüatları  məlum olub.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ağır qəzada ölən müəllim və onun övladı olub.

Belə ki, “VAZ 21015” markalı avtomobildə olan sürücü, qəzada ölən 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbinin informatika müəllimi olub.

Qəzada xəsarət alan həyat yoldaşı 1996-cı il təvəllüdlü Günay Niftəliyeva da müəllimdir. Onlar qəzada ölən iki aylıq körpələri – Ahunu Bakı şəhərindən müayinədən gətirirmiş.

Digər “Mercedes” markalı avtomobildə olanlar – taksi sürücüsü Cəfər Ağalı 1961-ci il təvəllüdlü Gülağa Qurbanovu və 1975-ci il təvəllüdlü Şəhla Orucovanı Bakı şəhərinə aparırmış.

Hər iki sərnişinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında zəruri yardım göstərilib. Xəsarətləri yüngül qiymətləndirilir.

*** 22:25

Biləsuvar rayonunda qəzanın təfərrüatı məlum olub.

TƏBİB-dən bildirilib ki, qəza nəticəsində 3 nəfər – 1961, 1975 və 1996-cı il təvəllüdlü şəxslər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.

1961 və 1975-ci il təvəllüdlü şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır olan 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir.

Qəza zamanı 2025-ci il təvəllüdlü körpə (qadın cinsli) hadisə yerində, onun atası isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

***20:27

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı minik avtomobili ilə VAZ-21015 markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

img 20250811 wa0159 img 20250811 wa0161 img 20250811 wa0158

Paylaş: