Bidzina İvanişvili siyasətə qayıtdı – YENİLƏNİB

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 350 nümayəndənin iştirak etdiyi qurultayda partiyanın siyasi şurasının tərkibi təsdiqlənib. Partiyanın nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Siyasi Şuranın üzvlərinin sayı partiyanın sədri ilə yanaşı, 15 nəfər müəyyənləşib.

Bunlar Baş nazir İrakli Qaribaşvili, partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Şalva Papuaşvili, partiyanın parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, daxili işlər naziri Vaxtanq Qomelauri, Acarıstan Muxtar Respublikasının hökumət sədri Tornike Rijvadze, parlamentin birinci vitse-spikeri Gia Volski, vitse-spikerlər Arçil Talakvadze, İrakli Çikovani, Dmitri Samxaradze, Xarici Əlaqələr kommitəsinin sədri Nikoloz Samxaradze, hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvli, iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili, Avropaya İnteqrasiya komitəsinin sədri Maka Boçorişvilidir.

Bundan başqa qurultayda partiyanın fəxri sədri vəzifəsi təyin edilib ki, bu vəzifə partiyanın təsisçisi, milyarder iş adamı Bidzina İvanişvliyə verilib. Bununla da İvanişvilinin növbəti dəfə rəsmi şəkildə siyasətə qayıtması təsdiqlənib.

***14:43

Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili hakim partiyanın Siyasi Şurasının yeni sədri seçilib. Partiya məlumatı təsdiqləyib.

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə bildirib ki, Bidzina İvanişvili partiyanın fəxri sədri olacaq.

Bidzina İvanişvili partiyanın qurultayında çıxışı zamanı siyasətə öz təşəbbüsü ilə qayıtdığını bildirib:

“Düz üç il əvvəl mən aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə ictimaiyyətə məlumat vermişdim. İndi, üç ildən sonra, öz təşəbbüsümlə, partiyanın fəxri sədri kimi, siyasi həyata qayıdıram”,- İvanişvili bildirib

Qeyd edək ki, bu gün “Gürcü Arzusu” partiyasının qurultayı keçirilir.