Bəzi xarici ölkə agentlərini ifşa etmək olmaz, çünki… – ekspert səbəbini dedi

Son zamanlar ölkə daxilində İran agenturasına bağlı olan və ya olduğu ehtimal edilən şəxslərə qarşı əməliyyatlar keçirilir. Bu proses hər nə qədər vacib və müsbət olsa da bəzi sualları da aktuallaşdırır.

Azərbaycandakı digər radikal dini qruplaşma üzvləri diqqətdən yayınmır? Radikal sələfi qruplar, İŞİD simpatizanları, vaxtilə Suriyada, İraqda döyüşüb gələnlər və s. haqda proses gedirmi? Yoxsa bu qrupların fəaliyyəti tam səngiyib? Ümumiyyətlə din pərdəsi altında xarici qüvvələrə bağlı qruplar, o cümlədən başqa ünvanlara, ölkələrə işləyən, casusluq edən şəxslər, qruplar nəzarətdədirlərmi?

İlqar Vəlizadə

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, bu gün İranın ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinə qarşı keçirilən ardıcıl uğurlu əməliyyatlar onu göstərir ki, dövlət bu şəxslər ilə bağlı lazımi informasiyaya malikdirlər:

“Prosesə nəzər saldıqda görmək olur ki, bu şəxslərin haqqında harda yaşamaları, nə etdikləri detallı şəkildə öncədən müəyyən edilib. Əks təqdirdə belə asanlıqla ələ keçirilə bilməzdi. Hesab edirəm bu gün İran agenturasına qarşı keçirilən əməliyyatlar həm də onu deməyə əsas verir ki, qeyd edilən radikal sələfi qruplar, İŞİD simpatizanları, vaxtilə Suriyada, İraqda döyüşüb gələnlər haqda da dövlətin yetərincə məlumatı var. Bu şəxslər ilə bağlı analoji əməliyyatlar keçirilmirsə bu o demək deyil ki, onlara nəzarət yoxdur. Azərbaycan qanunlarına riayət edən şəxslər heç bir risk altında deyil. Ölkəmizin suverenliyinə və ya milli maraqlara xələl gətirən şəxslər olduğu təqdirdə lazımi tədbirlər görülür”.

Politoloq qeyd edib ki, hər bir ölkə ərazisindəki digər ölkə agentlərini və ya xüsusi xidmət orqanları ilə çalışan şəxsləri bilir:

“Dövlətlərarası münasibətlərdən asılı olaraq bu şəxslər ifşa edilə və ya fəaliyyəti uzaqdan izlənilə bilir. Digər tərəfdən zərurət yaranmadıqda bu şəxslərin ifşası məqsədəuyğun hesab edilmir. Belə ki, heç bir səbəb olmadığı təqdirdə hansısa xarici ölkə agentinin ifşa edilməsi həmin ölkənin daha ciddi tədbirlər görməsinə və yeni casuslar yerləşdirməsinə səbəb olur. Biri var, şəxsin casus olduğunu biləsən, biri də var bu haqda heç informasiyan olmaya. Bu baxımdan qeyd edim ki, belə şəxsləri aidiyyatı dövlət qurumları yaxşı bilir və təqib edir. Zərurət yarandığı təqdirdə isə həbs edir”.

Turan Rzayev
Globalinfo.az