Bəzi mənzillərə niyə istilik verilmir? – AÇIQLAMA

Hər il bu vaxtlarda media və sosial şəbəkələrdə “Azəristiliktəchizat”la bağlı narazılıqlar olur. Noyabrın 15-dən sonra kimin evində və ya çalışdığı müəssisədə istilik sistemində problem olarsa, sözügedən qurumu tənqid edir, istiliyə “qənaət” etdiyini deyir.

Globalinfo.az həmin tənqidlərlə bağlı adıçəkilən quruma müraciət edib.

Qurumun mətbuat katibi Elvin Basqallı deyib ki, “Azəristiliktəchizat” ASC 15 noyabrda balansında olan bütün yaşayış və qeyri-yaşayış binalarını istiliklə təmin etməyə başlayıb:

“Bəli, daha əvvəl borcla əlaqədar istilik sisteminin verilməsində gecikmələr olurdu. Amma ötən il və bu il əksinə, ayın 15-i işə başlanılıb. Burada heç bir qənaət yoxdur. Məlumat üçün bildirim ki, bizim qazanxanalar hava temperaturuna uyğun olaraq qrafiklə işləyir. Hava soyuduqda qazanxanalardan ötürülən istilik enerjisi artırılır. İndi də hava necədirsə, ona uyğun istilik verilir”.

E.Basqallının sözlərinə görə, 184 min mənzil istilik sistemi ilə təmin edilir:

“Həmin mənzillər arasında daxili problemlər səbəbindən bəzən o evə istilik çatmır. Biz istiliyi binanın girişinə qədər veririk. Burada hər hansı bir qəzadan və ya qazanxananın işləməməsindən söhbət gedə bilməz. Bütün qazanxanalar çalışır, magistral və məhəllədaxili istilik xətləri istilik mövsümü ərzində saz vəziyyətə gətirilib. Bəli, qeyd edim ki, istilik ala bilməyən mənzillər var. Buna da səbəb binadaxili və ya mənzildaxili məsələlərdir. Baxmayaraq ki, bunlar bizim məsuliyyət zonamıza daxil deyil, amma biz yenə də lazımi texniki dəstək göstəririk”.

Zaira Akifqızı
Globalinfo.az