Beynəlxalq Gimnastika Federasiyası ruslara turnirlərdə iştiraka icazə verdi

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarus idmançılarını öz himayəsi altında keçirilən beynəlxalq yarışlara neytral statusda qəbul edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilir. Qərar FIG İcraiyyə Komitəsinin Lozannada (İsveçrə) keçirilən iclasının yekunları üzrə qəbul edilib.

“Rusiya Federasiyası və ya Belarus Respublikası, milli federasiyalar və ya milli olimpiya komitələri ilə heç bir əlaqəsi olmadan, ciddi şərtlər altında Rusiya və Belarus idmançılarının və yardımçı heyətin FIG tərəfindən sanksiyalaşdırılan tədbirlərdə “fərdi neytral idmançılar” kimi iştirakına icazə vermək. ”, – nəşrdə deyilir.

“Rusiya və Belarus gimnastlarını neytral idmançı kimi yarışmağa qəbul etməklə, FIG bütün idmançıların hüquqlarına hörmət edilməsini təmin edir və gimnastikanın sülhə sadiq olduğuna dair dünyaya siqnal göndərir”, – FIG rəhbəri Morinari Vatanabe bildirib.