Putinin həbsinə qərar verildi – Rusiya XİN-dən reaksiya

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Bildirilib ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. Açıqlamada vurğulanıb ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.

Məhkəmə, həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Bu qərara Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında cavab verib.

“Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının ölkəmiz üçün, o cümlədən hüquqi nöqteyi-nəzərdən heç bir mənası yoxdur. Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə də öhdəlik daşımır. Rusiya bu qurumla əməkdaşlıq etmir. Beynəlxalq məhkəmədən gələn mümkün həbs “reseptləri” isə bizim üçün hüquqi cəhətdən etibarsız olacaq”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.