Bəxtiyar Hacıyev azadlığa çıxa bilər – Prezidentə müraciəti…

İctimai fəal Bəxtiyar Hacıyevin həbsxanadan Prezident İlham Əliyevə müraciət etdiyi haqda xəbər vermişdik. O, müraciətində ölkə başçısından xahiş edib ki, həbsdən buraxılmasına kömək etsin. Onun bu müraciətinə hələ ki aidiyyatı qurumlar reaksiya verməyib. Adətən həbsdəki tanınmış şəxslərin analoji müraciəti müsbət həll edilir. Bəxtiyar Hacıyevin belə şansı varmı?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, B.Hacıyev ölkə başçısına müraciət etməkdə doğru addım atıb.

N.Cəfəroğlu deyib ki, Bəxtiyar xanımlardan üzr istəməlidir:

“Bəxtiyar Hacıyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etməsi doğru addımdır. Yəqin ki, onun məktubuna cavab veriləcək. Bəxtiyarın azadlığa çıxması artıq cənab prezidentdən asılıdır. Allah bağlı qapısını açsın. Amma o, bütün xanımlardan üzr istəməlidir”.

Deputat Hikmət Babaoğlu bildirib ki, ölkə başçısı hər zaman humanist dəyərlərə üstünlük verir:

“Biz bilirik ki, İlham Əliyevin idarəçiliyi dövründə dəfələrlə əlamətdar günlərdə əfv fərmanları imzalanıb və çoxsaylı vətəndaşlarımız bu fərmandan yararlanıb. Şübhəsiz ki, sonrakı mərhələlərdə onların Azərbaycan cəmiyyətinə qazandırılması prosesi hər zaman uğurlu olub. Bütün müraciətlər ölkə başçısı tərəfindən diqqətlə araşdırılır. Hüquq heç də cəza vermək institutu deyil, həm də çəkindirmə və tərbiyələndirmə vasitəsidir. Ona görə də, düşünürəm ki, ictimai fəal Bəxtiyar Hacıyevin də müraciəti diqqətlə araşdırılacaq”.

H.Babaoğlu deyib ki, əgər ortada ictimai təhdid və təhlükə yaratmayan hər hansı bir ciddi səbəb yoxdursa və ya humanitar hüququn tətbiqi prosesində müvafiq prosedur qaydaları uyğundursa, o zaman Bəxtiyar Hacıyev əfv edilə bilər:

“Nəticə etibarilə Azərbaycan dövlətinin məqsədi hər bir vətəndaşı bu və ya digər səhvlərinə, hüquq pozuntularına görə cəzalandırmaq deyil, tam əksinə, cəza institutunu bir vasitə kimi tətbiq edərək, onu şəxsiyyət kimi cəmiyyətə qazandırmaqdan ibarətdir. Əminəm ki, hüquqi mexanizmə sadiq qalaraq, Bəxtiyar Hacıyevlə bağlı uyğun addım atıla bilər”.

Zaira Akifqızı

Globalinfo.az