Bəxtiyar Ersayın təyinatına müxalifətdən və iqtidardan reaksiya

“Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik, qardaşlıq münasibətləri  hərbi əməkdaşlığı da zəruri edir. Bunun əsasları beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Şuşa Bəyannaməsində öz əksini tapıb”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hərbi əməkdaşlığın bir ordu səviyyəsinə çatacaq qədər inkişaf etməsi üçün Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında münasibətlərin daha da sıx olması, əməkdaşlığın dərinləşməsi zəruridir:

“Bu olduqca strateji məsələdir. Azərbaycan Prezidenti İlham Əliyev ADA universitetində keçirilən konfransda çıxış edərkən bildirdi ki, “Türkiyənin ordusu Azərbaycanın ordusudur, Azərbaycan ordusu Türkiyənin ordusudur”.

Belə olan halda əlaqələrin gücləndirilməsi, milli təhlükəsizlik baxımından vacibdir. Hər iki ölkənin silahlı qüvvələrinin təcrübə mübadiləsi aparması, kadrların hazırlanması, texniki təsisatın yaradılması, zəruri çağırış kimi qarşımızda dayanırdı.

Alınan bu qərar heç şübhəsiz 21-ci əsrdə “Bir millət – iki dövlət”in təhlükəsizliyinin təmin olunması üçün tarixi bir addımdır. Bu hər iki dövlətin xalqlarının tək sifarişidir. Ona görə də bu qərar alqışlanmalıdır”.

Mövzu ilə bağlı saytımıza danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, Azərbaycanda belə bir təcrübə əvvəllər də olub:

“Eks-prezident Əbülfəz Elçibəyin də Türkiyədən hərbi müşavirləri vardı. Mən Yaşar Dəmirbulağın adını çəkə bilərəm. Vacib iclaslarda o da iştirak edirdi.

Ümumiyyətlə beynəlxalq praktikada belə təcrübələr var. Hətta dövlət başçıları da xarici hərbi mütəxəssisləri cəlb edərək özünə müşavir təyin edir.

Hal-hazırda Türkiyə ilə Azərbaycan arasında “Bir millət – bir ordu” formulu elan olunub. Hesab edirəm, sözügedən təyinatda bu, prosesin məntiqi yekunudur. Mən bu təyinatı müsbət dəyərləndirirəm”.

Turan Rzayev,
Globalinfo.az