20 aprel tarixində Azərbaycan Milli Konservatoriyasının Bakı zalında bəstəkar, kulturoloq və publisist Elmir Mirzəyevin “Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” (Zwischen Moderne und Archaik. Transregionale Spannungen in der Musikkultur Aserbaidschans im 20. Jahrhundert) adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Globalinfo.az bildirir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə əsərin baş ideyalarının məcmusunu təqdim edərək onun Azərbaycan musiqişünaslığı üçün əhəmiyyətini vurğulayıb.
Monoqrafiyanın əsas tədqiqat obyekti – Azərbaycanın XX əsrdəki musiqi mədəniyyəti – disiplinlərarası yanaşma prizmasından araşdırılıb.
Əsərdə XIX–XX əsrlər ərzində üç böyük imperiyanın periferiyasında yerləşən Azərbaycanın coğrafi determinizm zəminində formalaşmış unikal mədəniyyətində transregional amillər, eləcə də fərqli geokültür təsirlərin doğurduğu “modern” və “arxaik” vektorlar arasındakı mürəkkəb qarşılıqlı münasibətlər sistemli şəkildə təhlil edilir.
Keçən ilin payızında Almaniyanın Bielefeld şəhərindəki nüfuzlu “transcript Verlag” akademik nəşriyyatı tərəfindən dərc edilən bu əsər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə ithaf edilib.
Berlin Humboldt Universitetinin Slavistika və Macarşünaslıq İnstitutunun rəhbəri, professor, Dr. Susanne Frankın elmi rəhbərliyi ilə qələmə alınan bu əsərin Almaniyada nəşri Azərbaycanın mədəni irsinin almandilli dünyada təbliğinə mühüm elmi və mədəni töhfədir.