Bərzaninin Azərbaycana səfəri terrorla mübarizədə əməkdaşlığı təmin edəcək – Şərh

“Bərzani ailəsi kürd xalqı arasında sayılıb-seçilən, hörmət görən bir ailədir. Bu ailə İraq Kürdüstanına 1990-cı ildə bəri rəhbərlik edir”.

Bu sözləri Globalinfo.az-a türkiyəli politoloq Hasan Oktay İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlməsini şərh edərkən deyib.

Hasan Oktay

Onun sözlərinə görə, Bərzaninin Azərbaycana səfəri terrorla mübarizədə əməkdaşlığı təmin edəcək:

“Etiraf etmək lazımdır ki, Türkiyə ilk vaxtlar İraq Kürdüstanının varlığından narahat idi. Çünki regionda bir kürd dövlətinin yaranma ehtimalı vardı.

Lakin ABŞ-ın İraqdan çəkilməsi sonrasında İraq Kürdüstanı PKK və İran təhlükəsi ilə üz-üzə qaldı. Əslində İraq Kürdüstanı ilə Türkiyə arasında buzların əriməsinə səbəb də bu təhlükə oldu. Bərzani ailəsi artan İran və PKK təhlükəsinə qarşı güclü regional ittifaqlar axtarırdı. Türkiyə ortaq PKK təhdidi ilə əlaqədar bir neçə dəfə İraq Kürdüstanı ilə birlikdə hərbi əməliyyatlar aparıb.

Xüsusilə PKK-nın Şimali İraqdakı düşərgələrini bombalanması buna misal ola bilər. Həm rəsmi Ankara, həm də Ərbil terror təşkilatının qarşısını almaq istəyir. Bu baxımdan hesab edirəm Bərzaninin Azərbaycana səfəri terrorla mübarizədə əməkdaşlıq təmin edəcək.

Rəsmi Bakı Ankaranın strateji tərəfdaşı və müttəfiqidir. Hər iki ölkənin ortaq maraqları var. Terrorla mübarizə Türkiyə qədər Azərbaycanı da maraqlandırır. Çünki regional enerji layihələrinin təhlükəsizliyi həm də bundan keçir”.

Turan Rzayev
Globalinfo.az