Bərdədə bədbəxt hadisə: 1 ölü, 33 yaralı – YENİLƏNİB

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin vəziyyəti ağır, beş nəfərin vəziyyəti isə stabil qiymətləndirilir”, – məlumatda qeyd edilib.

***15:26

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

***14:29

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

***14:01

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, rayonun Yeni Daşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.