Benzinin qiyməti ilə bağlı mühüm açıqlama – Nələr gözlənilir?

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,69% azalaraq 1 barelə görə 81.51 dollar təşkil edib.

Maraqlıdır, neftin qiymətinin ucuzlaşması Azərbaycanda benzin qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib ki, yaxın günlərdə Azərbaycanda idxal benzininin qiymətində artım gözlənilmir:

“Çünki Aİ-95-in idxal etdiyimiz ölkələrdəki topdansatış və pərakəndə qiymətlərində bunu davamlı olaraq müşahidə etmirik. Digər tərəfdən isə hökumət özünün hesabatında açıqlayıb ki, 2024-cü ildə ölkədə “Avro-5” standartlı benzin istehsalına başlanılacaq. Demək, məntiqlə yüksək oktanlı bu benzinin qiyməti daxili bazarda istehlakçılara 2 manatdan daha ucuz təklif ediləcək.

Aİ-92 markalı benzinin qiymətində artım ola bilər, çünki keyfiyyət parametrləri “Avro-2” standartından “Avro-5” standartına qədər yüksələcək.

Elektrik və təbii qazın istehlak qiymətlərinin artırılması ilə bağlı nə istehsalçıların, nə də satıcıların həyəcan təbili çaldığını eşitmişik. O cümlədən də satılan enerji daşıyıcılarının yığımı da normal səviyyədədir”.

Safura Bənnayeva
Globalinfo.az