Rusiyanın bir sıra regionlarında benzin və dizel yanacağının satışına məhdudiyyətlər tətbiq olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə ilk məlumatı Tümen vilayətinin qubernatoru Aleksandr Moor verib.
Onun sözlərinə görə, “Qazprom Neft” yanacaqdoldurma məntəqələrində bir avtomobilə maksimum 40 litr benzin satılacaq. Dizel yanacağı üçün limit yaşayış məntəqələrində 80 litr, magistral yollarda isə 200 litr müəyyən edilib. Kanistrlərə yanacaq doldurulması qadağan olunub.
Moor bildirib ki, bu tədbirlər yanacağa süni tələbatın qarşısını almaq və təchizatda mümkün fasilələrin yaranmaması məqsədilə həyata keçirilir. O, həmçinin xatırladıb ki, ötən həftə Ukrayna sərhədindən təxminən 2 min kilometr məsafədə yerləşən Tümen Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bununla belə, zavodun zədələnməsi barədə rəsmi məlumat verilməyib.
Oxşar məhdudiyyətlər Rusiyanın əsas neft hasilatı regionu sayılan Xantı-Mansi Muxtar Dairəsində də tətbiq olunub. Yerli sakinlərin sözlərinə görə, “Qazprom Neft” yanacaqdoldurma məntəqələrində bir nəfərə 40 litrdən artıq benzin və 80 litrdən çox dizel yanacağı satılmır. Yanacaq yalnız avtomobilin çəninə və əvvəlcədən ödəniş əsasında verilir.
Qonşu Tomsk vilayətinin Strejevoy şəhərində də analoji qaydalar qüvvəyə minib. Şəhər meri Valeri Deniçenko bildirib ki, məqsəd yanacağın iri həcmdə digər regionlara daşınmasının qarşısını almaqdır.
Yanacaq satışına məhdudiyyətlər Novosibirsk, Saratov, Penza, Voronej, Vladimir, İrkutsk və Omsk vilayətlərində, həmçinin Krasnoyarsk diyarı və Şimali Osetiyada da tətbiq edilib.
İyunun 21-də Kerç boğazındakı liman-logistika qovşağına hücumdan sonra Krımda benzin satışı müvəqqəti olaraq tam dayandırılıb.
Məlumatlara görə, iyun ayından etibarən Rusiyanın bir çox regionlarında yanacaq çatışmazlığı müşahidə olunur. Bunun əsas səbəblərindən biri kimi Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr göstərilir. Qeyd olunur ki, bu hücumlar Rusiyanın mərkəzi hissəsində yerləşən bir sıra iri neft emalı zavodlarının fəaliyyətinin dayanmasına səbəb olub.
Əliyar Xəlil