
Belqradda hökumət əleyhinə aksiyalar keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Etirazçılar pirotexniki vasitələrdən istifadə edir, lakin polislə nümayişçilər arasında toqquşma yaşanmayıb.
Aksiya iştirakçıları milli parlament binasının qarşısına toplaşıb. Onlar binanın qarşısında park edilən traktorların üzərinə çıxır, bayraq yelləyir və Prezident Aleksandr Vuçiçin ünvanına təhqiramiz ifadələr işlədirlər.
Nümayişin təşkilatçıları paytaxtın əsas nöqtələrinə giriş-çıxışı məhdudlaşdırmağı planlaşdırırlar. Artıq Belqradda günün sonuna qədər ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Daxili İşlər Nazirliyi prezident iqamətgahı və parlament binasını mühasirəyə alıb.
Xatırladaq ki, Serbiyada etiraz aksiyaları müəyyən fasilələrlə ötən ilin noyabrından keçirilir. Aksiyaya səbəb həmin dövrdə dəmiryol vağzalında 15 nəfərin ölümü ilə nəticələnən hadisənin – tavanın uçması – baş verməsidir. Sakinlər bu bədbəxt hadisənin məsuliyyətini hökumətdə gördükləri üçün etiraz aksiyalarını davam etdirirlər.
Aksiyada 107 min insanın iştirak etdiyi deyilir.
Aysel Əliyeva
Globalinfo.az