“Belqrad bu məsələdə Bakının köməyinə ehtiyac duyur” – Qabil Hüseynlinin şərhi

“Serbiya 44 günlük Vətən müharibəsində etdiyi səhvləri indi yaxşı başa düşür. Müharibə vaxtı Ermənistana dəstək olan rəsmi Belqrad bu gün özü Kosova ilə müharibə həddinə gəlib çatıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər ölkələr ilə olduğu kimi Serbiya ilə də hər zaman müsbət əlaqələri olub:

“İki ölkə arasında iqtisadi siyasi və hərbi əlaqələr 44 günlük Vətən müharibəsinə qədər yüksək səviyyədə inkişaf edirdi. Serbiyanın müharibə zamanı Ermənistana silah və maliyyə yardımı ayırması iki ölkə münasibətlərini zədələdi.

Lakin müharibə sonrası rəsmi Belqradın Bakıya yaxınlaşması münasibətlərin normallaşdıran səbəblərdən oldu. Bu gün Azərbaycan Serbiya üçün çox vacib ölkədir:

Birincisi, iqtisadi olaraq Serbiya Yunanıstan, Albaniya, Bolqarıstan kimi Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Serbiyanın bu gün mavi qaza tələbatı əvvəlki illərə nəzərən daha da artıb.

İkincisi, Serbiya Kosova ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Belə ki, Kosovo noyabrın 21-dən etibarən ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərar qəbul edib. Rəsmi Belqrad Kosovo ilə gərginlik fonunda Bakının təcrübəsindən faydalanmaq istəyir. Düzdür, situasiya eyni olmasa da Azərbaycan 44 günülük Vətən müharibəsindən qalib ayrılan və ərazi bütövlüyünü hərbi yolla bərpa edən ölkədir. Bu mənada Serbiya prezidentinin “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” sözləri əslində “Kosova münaqişəsini necə həll edə bilərik” sualına cavab axtarmaqdır. Serbiya mövcud gərginliyin həllində Bakının təcrübəsindən faydalanmaq istəyir”.

Turan Rzayev
Globalinfo.az