Bayramqabağı bahalaşmadan belə qurtulmaq olar – İqtisadçı

“Azərbaycanda bayramqabağı qiymət artımı pis bir ənənəyə çevrilib. İstənilən Azərbaycan vətəndaşı bayram bazarlığı edərkən bahalaşmanın şahidi olur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Yeni il öncəsi bazarlarda müşahidə olunan qiymət artımı ilə bağlı danışarkən deyib.

O bildirib ki, bir ay bundan əvvəl aldığı qidalar 10-15 faiz bahalaşıb:

“Qiymət artımı ən azı Novruz bayramına qədər mərhələli şəkildə davam edəcək. Yay aylarına yaxın vaxtlarda yerli məhsulların bazarlara çıxması qiymət artımını nisbətən səngidəcək”.

İqtisadçı deyib ki, Nazirlər Kabineti qiymət artımı ilə mübarizə aparmaq üçün əlində olan ən vacib alətlərdən istifadə edə bilmir və ya etmək istəmir:

“Ərzaq məhsullarında Əlavə Dəyər Vergisinin (ƏDV) ləğv edilməsini artıq yarım ildir ki, təklif etmişik, amma nəticə yoxdur. 18 faiz ƏDV ərzaq bazarı üçün kifayət qədər ağır yükdür. Çünki Azərbaycan əhalisinin 80 faizə yaxını öz gündəlik ərzaq tələbatını şəbəkə marketlərindən əldə edir. Şəbəkə marketlərinin də hamısı ƏDV ödəyiciləridir. Bunun da 18 faiz olması avtomatik olaraq kassada daha çox ödəniş etməyimizə səbəb olur.

ƏDV-nin heç olmasa 2 faizə qədər aşağı salınması qiymətlərin tənzimlənməsində rol oynaya, hətta ucuzluq yarada bilər. Amma təəssüf ki, Nazirlər Kabineti bu tip qərarların verilməsini gecikdirir və ya bu haqda ümumiyyətlə düşünmür”.

Zaira Akifqızı
Globalinfo.az