Bayram Səfərovu hansı cəza gözləyir? – Hüquqşünas açıqladı

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla jurnalist Fərid İsmayılov arasındakı mübahisə ətrafında müzakirələr davam edir. Diqqət çəkən əsas məqam icra başçısının jurnalistin sualına reaksiyasının cinayət məsuliyyəti yaradıb-yaratmamasıdır.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli məmurun jurnalistin sualına cavab vermək öhdəliyinin olduğunu bildirib:

“Məmurlar şəxsi həyatlarına aidiyyəti olmayan, vəzifə fəaliyyətləri ilə bağlı istənilən yazılı və şifahi suala adekvat reaksiya verməlidirlər. Verilən sualı dərhal cavablandırması mümkündürsə, anında cavablamalı, deyilsə, konkret zaman istəyərək 24 saat ərzində cavabını bildirməlidir.

Həmçinin bütün vəzifəli şəxslər jurnalistlərin sorğularına münasibətdə onlara qarşı nəzakətli davranmalıdırlar. Haqqında məlumatı olduğu sualı cavablandırmalı, suala cavab verə bilməyəcəksə, bunun niyəsini izah etməlidir”.

Ə.Məmmədli mətbuatın sorğusunu cavablandırmamağın inzibati məsuliyyət yaratdığını qeyd edib:

“İstər Azərbaycanda “Media haqqında” Qanun, istərsə də Avropa Şurası Nazirlər Komitəsinin dövlətlərə informasiya təhlükəsizliyi ilə bağlı tövsiyəsində bir standart mövcuddur. Mahiyyəti budur ki, ictimai şəxs açıq, şəffaf və hesabatlı olmalıdır.

“Media haqqında” Qanunda da qeyd edilir ki, bütün mətbuat nümayəndələrinin sorğularına dərhal, bu mümkün olmadıqda isə 24 saat ərzində cavab verilməlidir. Məmur suala cavab verməkdən imtina etdikdə isə jurnalist ombudsmana və məhkəməyə müraciət edə bilər. Sorğuya cavab verməmək inzibati məsuliyyət yaradır”.

Ayşən Mustafa
Globalinfo.az