Bayden Ərdoğanı məğlub etmək üçün hərəkətə keçdi – ABŞ Türkiyəyə seçki desantı göndərdi

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumu yeniləyib. 1 dollar artıq 19 lirəyə bərabərdir. Avro isə 20,13 lirəyə qalxıb. Türkiyədə seçkilər öncəsi lirənin yenidən dollar qarşısında dəyər itirməsi diqqət çəkir. Bəzi ekspertlər hesab edir ki, bu ABŞ tərəfindən seçiciləri manipulyasiya etmək üçün atılan məqsədyönlü addımdır.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsamettin İnanc deyib ki, ABŞ Prezidenti Co Bayden hələ prezident seçilmədən öncə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən necə uzaqlaşdırılacağına dair bir məqalə yayımladı:

“Hətta bu istiqamətdə verdiyi müsahibədə açıq şəkildə bildirdi ki, “biz Türkiyədə Ərdoğan iqtidarını dəyişəcəyik. Lakin bu hərbi çevriliş ilə olmayacaq”.

Bayden hazırda dediklərini edir. Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə uduzması üçün manipulyasiya kampaniyasına başlayıb. Bu istiqamətdə həm Baydenin, həm də Obamanın komandaları Türkiyəyə gəlib. Həmin komandalar müxalifətə nə etməli olduğunu izah edir.

Xüsusilə Tvitter və digər sosial şəbəkə platformaları üzərindən çox ciddi şəkildə dezinfomasiya kampaniyası aparırlar. Seçiciləri manipulyasiya etmək üçün iqtisadiyyata süni təsirlər edilir, zəlzələ qurbanlarına edilən yardımların şəffaf olmadığı, bəzi insanlara xüsusi imtiyaz edildiyinə dair yalan məlumatlar yayırlar. Bu da azmış kimi sosial şəbəkə üzərində hansısa su elektrik stansiyasının partladıldığı, seysmik silahdan istifadə edildiyi kimi həqiqətlə yaxından-uzaqdan əlaqəsi olmayan dezinfomasiyalar yayırlar”.

Turan Rzayev
Globalinfo.az