Bayden “ənənəsinə” sadiq qaldı: Bu dəfə ölkələri səhv saldı

ABŞ Prezidenti Co Bayden Nevada ştatının Reno şəhərində seçki kampaniyası üçün keçirilən ianə toplantısında çıxış edərkən Finlandiya ilə Norveçi səhv salıb.

Globalinfo.az xəbər verir ki, siyasətçinin nitqindən bir hissə ABŞ Respublikaçılar Partiyasının X sosial şəbəkəsində dərc olunub.

Prezident 2023-cü ilin noyabrında ölümündən 10 gün əvvəl ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerlə danışdığını deyib.

“O deyib ki, biz NATO-nu heç vaxt olmadığı kimi gücləndiririk. Biz Avropanı birləşdirdik, NATO və onun sərhədlərini İsveç və Norveçi də əhatə edəcək şəkildə genişləndirdik. O, sonra dedi ki, bu, dünyanı dəyişdi”, – Bayden onun sözlərini yanlışlıqla xatırlayıb.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Finlandiya Şimali Atlantika Alyansına 4 aprel 2023-cü ildə, İsveç isə 7 mart 2024-cü ildə qoşulub. Norveç NATO-nun qurucu ölkələrindən biri olub və 1949-cu ildə yarandığı gündən təşkilatın üzvüdür.