niyamededin o

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu və həyata keçirilən terror aktını pisləyən bəyanatla çıxış edib.

Bu barədə Globalinfo.az-a partiyanın sədr müavini Niyaməddin Orduxanlı məlumat verib.

O bildirib ki, BAXCP bu qanlı cinayəti qətiyyətlə pisləyir və bütün beynəlxalq birliyi terror aksiyasını qınamağa çağırır:

“BAXCP baş vermiş terror aksiyasına görə İran İslam Respublikasının hökumətinin birbaşa məsuliyyət daşıdığını vurğulamağı vacib hesab edir.

Bir müddət öncə Bakıda, İran səfirliyinin binası qarşısında keçirilən dinc etiraz aksiyasından sonra İrandakı bir çox ekstremist qruplar Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinə hücum edəcəklərini, səfirliyin əməkdaşlarına divan tutacaqlarını media resurslarında və sosial şəbəkələrdə açıq-aşkar bəyan edirdilər”.

BAXCP hesab edir ki, əgər İran hökuməti zamanında bu cür ekstremist çağırışlar edənlər barəsində önləyici addımlar atsaydı, bu terror aksiyasının qarşısını almaq mümkün olardı:

“Belə addımların atılmaması, hətta bu qanlı hadisədə İran İslam Respublikasının dövlət orqanlarının əlinin olmadığı halda belə, rəsmi Tehranı məsuliyyətdən azad etmir. İran hökuməti baş vermiş terror aktına görə məsuliyyət daşımalı, bu qanlı cinayəti sifariş və icra edənlər Beynəlxalq Cinayət Məhkəməsinin qarşısına çıxarılaraq, layiqli cəzalarını almalıdırlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: