BAXCP-nin növbədənkənar qurultayı keçiriləcək: Ali Məclis qərar verdi – FOTOLAR

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin iclası keçirilib.

Globalinfo.az bildirir ki, iclasda BAXCP-nin fevralın 7-də keçiriləcək prezident seçkilərində iştirakı və təbliğat-təşviqat kompaniyasına hazırlığın vəziyyəti, seçki platformasının təsdiqi, partiyanın adının dəyişdirilməsi ilə bağlı İdarə Heyətinin müraciətinə baxılması, BAXCP-nin növbədənkənar qurultayının çağırılması və digər məsələlər müzakirə olunub.

Ali Məclisin sədri Vaqif Abışov iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iclasın gündəliyi elan olunub və təsdiqlənib.

İclasda məruzə ilə BAXCP-nın sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev çıxış edib. O, partiyanın prezident seçkilərindən iştirakının, həmçinin BAXCP-nin adının dəyişdirilərək, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) adlandırılması təşəbbüsünün əsas səbəbləri barədə Ali Məclis üzvlərini məlumatlandırıb, seçki platformasının əsas istiqamətlərini iclas iştirakçılarının diqqətinə çatdırıb.

BAXCP sədrinin çıxışından sonra, Ali Məclis üzvlərinə bir neçə gün öncə təqdim olunmuş partiyanın seçki platforması səsə qoyulub və yekdilliklə qəbul olunub.

Partiyanın adının dəyişdirilməsi zərurəti ilə bağlı BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Elçin Mirzəbəyli çıxış edib. Elçin Mirzəbəyli öz çıxışında BAXCP-nin adının dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya Partiyası adlandırıması ilə bağlı sədr Qüdrət Həsənquliyevin təşəbbüsü və BAXCP İdarə Heyətinin müraciətində yer alan məqamlar barədə Ali Məclis üzvlərinə məlumat verib, onları İdarə Heyətinin müraciətini dəstəkləməyə çağırıb.

Gündəliyə uyğun olaraq, BAXCP-nin adının dəyişdirilərək Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) adlandırılması ilə bağlı İdarə Heyətinin müraciətinin təsdiqi və bu məqsədlə partiyanın növbədənkənar qurultayının çağırılması ilə bağlı məsələlər səsə qoyulub və qəbul olunub. Qərara alınıb ki, ad dəyişikliyi ilə bağlı partiyanın növbədənkənar qurultayı, ilkin olaraq, 2024-cü il aprelin 27-nə təyin olunsun. Aralıq dövründə vəziyyətə uyğun olaraq, qurultayın vaxtının dəyişdirilməsi və digər əlaqədar məsələlərlə bağlı müvafiq qərarların qəbul edilməsi səlahiyyəti Ali Məclis tərəfindən partiyanın İdarə Heyətinə verilib.

Daha sonra BAXCP-nin Baş katibi Yaşar Kələntərli Ali Məclis üzvlərinə, eləcə də partiyanın təbliğat-təşviqat qruplarının rəhbərlərinə Seçki Məcəlləsinin tələblərindən doğan məsələlərlə bağlı müvafiq təlimatlar verib, onların suallarını cavablandırıb.

İclasda çıxış edən BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlı partiyanın öz namizədiylə prezident seçkilərində iştirakının, həmçinin BAXCP-nin adının dəyişdirilməsi ilə bağlı təşəbbüsün vacibliyindən söz açıb, partiyanın yerli təşkilatlarının rəhbərlərinin diqqətinə “Siyasi partiyalar haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri çatdırıb.

İclasda BAXCP-nin Xaşmaz rayon təşkilatının sədri Zöhrab Məmmədov, Ali Məclis sədrinin müavini Faiq İsmayılov və digər şəxslər qəbul olunan qərarlarla bağlı öz fikirlərini dilə gətiriblər və dəstəklədiklərini bəyan ediblər.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.