Başqa səbəblər var – təhlükəsizlik tədbirləri görmək zərurəti yaranıb

Quru sərhədlərin açılması ilə bağlı müzakirələr son vaxtlar intensivləşib. Xüsusilə “Krokus Siti Holl” teraktı sonrası bəzi ekspertlər sərhədlərin bağlı qalma qərarının doğru olduğunu bildirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, quru sərhədləri bir neçə ildir ki, bağlıdır:

“Bu məsələ vaxtaşırı gündəmə gəlir, tez-tez müzakirə edilir. Xüsusilə sərhədlərin bağlı qalmasının iqtisadi zərərləri haqda narahatlıq ifadə olunur.
Bütün bunlara baxmayaraq unutmamaq lazımdır ki, təhlükəsizlik hər şeydən önəmlidir. Ümumiyyətlə baxmaq lazımdır ki, sərhədlər niyə bağlandı. Məlum olduğu kimi pandemiya ilə əlaqədar olaraq yoluxma sayının artmaması və xaricdən virus daşıyıcısı olacaq potensial şəxslərin ölkəyə girişinin qarşısını almaq üçün belə bir zəruri tədbir görüldü.

Bu gün ölkədə pandemiya rejimi əvvəlki kimi sərt yoluxma sayı isə qeydə alınmasa da sərhədlərlə bağlı olaraq qalır. Görünün odur ki, başqa səbəblər var və təhlükəsizlik baxımından belə bir tədbir görmək zərurəti yaranıb.

Hesab edirəm sərhədlərin bağlı qalması məsələsinə ən yaxşı cavabı Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə zamanı verdi. Ümumiyyətlə bu gün bizim ölkəmizdə daxili risklər yoxdur. Lakin xaricdən gələcək təhdid və risklər var. Xüsusilə sərhədlərimiz xaricində baş verənlər bu riski artırır.

Rusiya-Ukrayna ilə müharibə vəziyyətindədir. Yaxın Şərqdə qeyri-sabitlik hökm sürür. Rusiyada, İranda teraktlar baş verir. Bütün bu olaylar isə heç şübhəsiz müvafiq tədbirlərin görülməsini zəruri edir.

Unutmamaq lazımdır ki, Azərbaycan yaxın keçmişdə dəhşətli teraktlara məruz qalıb. Xüsusilə erməni terror təşkilatları xalqımıza, ölkəmizə qarşı ciddi təhdidlər yaradır. Ona görə də hər zaman ayıq-sayıq olmalı təhlükəsizliyimizi qorumalıyıq. Bu baxımdan sərhədlərin bağlı qalması doğru qərardır”.

Turan Rzayev
Globalinfo.az