“İran birdəfəlik boynuna xaç assın, biz də ondan nəsə tələb etməyək” – deputat Musa Quliyev

“Başda oturan qarğa nə qarıldayırsa, digərləri o fikirləri təkrarlayır” 

İrandan Azərbaycana yönələn hədə və şantaj, həmçinin böhtan kampaniyası dayanmır. Ölkəmizə qarşı növbəti absurd iddia isə bu dəfə İran parlamentinin deputatları tərəfindən səsləndirilib. İranlı deputatlar yerli televiziyalardan, mətbuatdan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürüblər. Onlar Bakını, Gəncəni, Naxçıvanı qədim İran torpaqları adlandırıblar.

Globalinfo.az-ın əməkdaşı mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyevlə danışıb. O, İranın yaxşı tərəfdaş olmadığını bildirib.

Millət vəkilinin sözlərinə görə, İran son dövrlərdəki siyasəti ilə sübut etdi ki, etibarsız qonşu və tərəfdaşdır:

“Bunu sübut edən xeyli nümunələr var. Məsələn, dünyanın əksər ölkələri hazırda İranla məsafəli davranır. Xeyli ölkə ona qarşı iqtisadi embarqolar tətbiq edib, beynəlxalq aləmdən izolyasiya olunub. Bu, İran dövlətinin apardığı mənfur siyasətin, etibarsız davranışın nəticəsidir”.

Müsahibimiz bildirib ki, İranda demokratiya, insan haqları, hüquq və ədalət adına heç nə yoxdur: “İran teokratik-totalitar bir dövlətdir və orada başda oturan qarğa nə “qarıldayırsa”, digərləri onun “dimdiyindən” həmin fikirləri, ifadələri götürüb səsləndirirlər. Bilmirəm, onların tarixdən, coğrafiyadan xəbərləri varmı, ümumiyyətlə?! Tarixdən anlayışları olsa, belə danışmazdılar!”

Deputat İranın məsuliyyətsiz olduğunu və parçalana biləcəyini də sözlərinə əlavə edib: “İran təxminən 1925-ci ildən sonra yaranıb və bu ad ondan sonra verilib. Amma tarixdə bu torpaqlar iki min ildən çox yaşı olan türklərin və türk padşahlarının idarə etdiyi bir dövlət olub. Əslində, o torpaqlar Azərbaycan türklərinin ana vətənidir. O deputatlar tarixi yaxşı öyrənsinlər. Sabaha baxmaq istəyirlərsə, İranın parçalanacağını və orada bir neçə müstəqil dövlətin yaranacağını göz önünə gətirsinlər. Bu cür məsuliyyətsiz bəyanatlarla onlar yalnız bu prosesi tezləşdirə bilərlər”.

M.Quliyev İrana özünəməxsus şəkildə məsləhət verməyi də unutmadı:

“Bizə şər atmaq əvəzinə, əməllərinə diqqət etsinlər. İran Ermənistanla sarmaş-dolaşdı. 30 il ərzində məscidlərdə inək, donuz saxlayan, müsəlman qəbirlərini murdarlayan, günahsız müsəlmanların qanını tökən erməniləri qucaqlayıb, bağırlarına basırlar. Elə bir dəfəlik boyunlarına xaç assınlar, biz də onlardan nəsə tələb etməyək. Bilək ki, İran islam yox, xristian ölkəsidir.

İran ərazisində yaşayan xalqların elementar hüquqlarına hörmət etmir. Orda yaşayan xalqların ana dilində təhsil almaq hüquqlarını tanımır. 2 aya yaxındır İranda etiraz aksiyaları keçirilir. Əhali boğaza yığılıb. Öz haqları uğrunda küçələrə çıxıb. Hökumətə tələblər irəli sürürlər. Özünün daxili problemlərini həll etmək əvəzinə Azərbaycana ərazi iddiası irəli sürmək, yumşaq desək, həyasızlıqdır”.

Deputat Azərbaycan Prezidentinin İrana dəstək olması haqda da danışıb:

“İranın hazırkı mövqeyi onun vəziyyətini daha da çətinləşdirəcək. Nəzərlərində saxlasınlar ki, bundan bir neçə il əvvəl ABŞ İrana hərbi müdaxilə etməyi düşünürdü və hələ də o fikirdə qalır. O zaman Prezident İlham Əliyev qəti şəkildə bildirmişdi ki, “biz bu hərbi müdaxilənin tərəfdarı deyilik. Əgər belə bir müdaxilə olacaqsa, Azərbaycan öz ərazisindən qonşusuna qarşı istifadəyə icazə verməyəcək!”

Komitə sədri söyləyib ki, əgər İran dövlətlərinin rəhbərlərində zərrə qədər vicdan və ədalət olsaydı, bunun müqabilində işğalçı Ermənistana kömək etməzdilər: “Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə İran və Ermənistan istəsə də, istəməsə də, bu dəhliz açılacaq! Bunun, ümumiyyətlə, İrana dəxli yoxdur! Çünki bu, İran ərazisi deyil və onun sərhəd toxunulmazlığına aid olmayan məsələdir. Ona görə də 2020-ci ilin 10 noyabr bəyanatı icra olunacaq və olunmalıdır da. İran da bu yolu tutacaqsa, tezliklə özü parçalanacaq”.

Zaira Akifqızı

Globalinfo.az