Baqratın İran səfirliyində dediyi sözlərin şifrəsi: Ermənistanda dini rejim…

“Vətən adına Tavuş” revanşist hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan İbrahim Rəisiyə görə başsağlığı vermək üçün İranın İrəvandakı səfirliyində olub.

Onun diplomatik nümayəndəlikdə işlətdiyi fikirlər diqqət çəkib. Qalstanyan deyib: “Qəlbimiz və dualarımız qohumluq hissi ilə İran xalqı və onun dini liderinin yanındadır”.

“İran Ermənistan üçün dost ölkədir. Şəxsi müstəvidə qohumluq hissim həm də ailəmin İrandan Ermənistana köçməsi ilə bağlıdır. Ailəm İranın qayğısını özündə yaşatdı və bu qohumluq hissi heç vaxt yox olmadı. Ermənistan-İran münasibətlərinə xələl gətirə və ya təsir edə biləcək təhdidlər zərərsizləşdirilməlidir.

Bu əlaqələri dərinləşdirmək və inkişaf etdirmək lazımdır”, – keşiş bildirib.

Qeyd edək ki, baş nazirliyə iddia edən Baqrat artıq özünü “lider” kimi aparmağa başlayıb və Ermənistana təsir edə bilən ölkələrin dəstəyini almağa çalışır.

İranda olduğu kimi Ermənistanda da dini rejim hakimiyyətə gələ bilərmi? Keşiş Baqrat Qaltsyan İrandan dəstək almağa çalışır?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İranda dini rejim hakimiyyətdədir və regionda ikinci belə bir ölkənin olması Tehranın maraqlarına xidmət edər:

“Keşiş Baqrat Qaltsyanın etiraz aksiyalarına rəhbərlik etməsi belə bir iddia yaradıb ki, Ermənistanda da İranda olduğu kimi teokratik rejim yarana bilər. Yəni Ermənistan xristian inqilabı ola bilər.

Öncə onu deyim ki, Ermənistandakı aksiyalara keşişin rəhbərlik etməsi din amilinin cəmiyyətdəki rolu ilə bağlıdır. Çünki din həssas mövzudur. Din vasitəsilə daha çox kütlə cəlb etmək mümkündür. Məncə, çıxışlara başqası rəhbərlik etsə idi, tərəfdarlar daha az olardı.

Düşünürəm ki, strateqlər məqsədli şəkildə keşişi seçiblər. Bundan başqa, İranla Ermənistan arasında əlaqələr getdikcə inkişaf edir. Amma Ermənistanda teokratik rejimin qurulacağına inanmıram. Baş nazir Nikol Paşinyan demokratiyaya meylli adamdır. O, buna getməz. Heç Qərb dövlətləri də buna icazə verməz. Baqratın hekayəsi isə müvəqqətidir. İşini görüb, çəkiləcək. Yeri gəlmişkən, İranda yeni prezident seçiləndən sonra Ermənistanda münasibətlərdə dəyişiklik ola bilər”.

Turan Rzayev
Globalinfo.az