baqrat 9

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə başlanan vətəndaş itaətsizliyi aksiyaları bir müddətdir ki, səngiyib. Bəzi ekspertlər onun tədricən güclənəcəyini və Baş nazir Nikol Paşinyanı devirəcəyini düşünürdü.

Keşiş Baqrat Qalstanyanın etiraz aksiyası necə oldu? Dayandımı? “Vətən naminə Tavuş” hərəkatı iflas oldu? Hazırda Ermənistanda siyasi, ictimai vəziyyət necədir? Paşinyan rəqiblərini susdura bildimi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, Baqrat və dəstəsi nə qədər çalışsalar da istədikləri nəticəni əldə edə bilməzlər:

“Erməni xalqı onların çağırışına müsbət cavab vermədi. Səbəbi odur ki, onlar müharibə barədə çağırışlar edirdilər. Ermənistanda sadə insanlar başa düşürlər ki, bu yolun sonu yoxdur. Bundan sonra ediləcək savaşlarda uduzacaqlar. Buna görə də məcbur aksiyaları dayandırdılar. Yenidən müəyyən cəhdlər edilir, lakin insanları ayağa qaldırmaq çətin məsələdir.

Bu hərəkat Tavuşdan başlamışdı, lakin Baqrat Qalstyan və dəstəsi onu bütün Ermənistan ərazisinə yaya bilmədilər. “Vətən naminə Tavuş ” hərəkatı hələ ki, fəaliyyət göstərsə də faktiki olaraq çökmüş vəziyyətdədir. Baqrat faktiki olaraq adı müxalifət liderinə çevrildi. Heç bir normal elektoratı olmayan bir siyasi qurumun rəhbəri oldu. Artıq onun yanındakı adamlar da etiraf edirlər ki, Baqrat bu işi bacara bilmədi. Nə qədər ki, Azərbaycan və Türkiyəyə qarşı iddialar olacaq, heç bir müxalif birlik uğur qazana bilməyəcək. Digər önəmli məsələ Ermənistandakı müxalif qüvvələrin aydın proqramının olmamasıdır. Bu da əhalinin onların ətrafında birləşməsinə mane olur.

Hazırda Ermənistanda ictimai – siyasi vəziyyət demək olar ki, sabitdir. Paşinyan rəqiblərinin zəifliyindən istifadə edərək onları susdura bildi. Görünür ki, yaxın dövrdə Ermənistanda Paşinyana təzyiq edəcək siyasi qüvvə olmayacaq”.

Globalinfo.az
Turan Rzayev

Paylaş: