ChatGPT Image 15 %D0%B8%D1%8E%D0%BB. 2026 %D0%B3. 22 28 12

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının etibarlılıq müddəti bitdikdən sonra məbləğin silinməsi qaydasının qanuna uyğun olmadığını bildirib. Hakim deyib ki, hədiyyə kartı müstəqil əmtəə deyil. Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hakim qeyd edib ki, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməlidir.

Beləliklə, hədiyyə kartlarında məbləğin silinməsini nəzərdə tutan şərtlər etibarsız hesab oluna bilərmi? Bu, hansı əsaslarla mümkündür?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin yanaşması tamamilə doğrudur:

“Çünki vətəndaşla mağaza arasında hədiyyə kartları ilə bağlı şərtlər əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir. Konkret olaraq, hədiyyə kartındakı məbləğin hansı müddət ərzində istifadə oluna biləcəyi və kartın etibarlılıq müddəti əvvəlcədən aydın şəkildə qeyd edilməlidir. Eyni zamanda qeyd edim ki, şəxsin adına hədiyyə olaraq təqdim edilmiş əmlak və ya pul məbləği həmin şəxsin əmlakı hesab olunur. Şəxs həmin əmlakdan hədiyyəni təqdim edən tərəfin əvvəlcədən müəyyənləşdirdiyi şərtlər çərçivəsində və Mülki Məcəllənin tələblərinə uyğun şəkildə istifadə edə bilər”.

6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c 6

Ramil Süleymanov

Hədiyyə kartındakı balansın silinməsi məsələsinə gəlincə, vəkil deyib ki, bu, yalnız həmin balansın sahibi olan şəxsin razılığı ilə həyata keçirilə bilər:

“Başqa şəkildə balansın silinməsi mümkün deyil. Belə halların gələcəkdə ciddi mübahisələrə və problemlərə səbəb ola biləcəyini düşünürəm. Əgər hədiyyə kartındakı məbləğin silinməsi ilə bağlı vətəndaşın narazılığı varsa, o, rəsmi şəkildə hədiyyə kartını təqdim edən mağazaya müraciət etməli, balansın silinməsinin əsassız olduğunu bildirməli və silinmiş məbləğin geri qaytarılmasını tələb etməlidir. Əgər mağaza müştəriyə qarşı yol verdiyi səhvi aradan qaldırmazsa, müştərinin istehlakçı hüquqlarının pozulması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək və hüquqlarının bərpası üçün iddia ərizəsi təqdim etmək hüququ var”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: