141 milyon manatlıq itkinin səbəbi – Sabiq nazir açıqladı

İqtisadçı, deputat Vüqar Bayramov son 1 ayda banklarda əmanətlərin həcminin 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azaldığını bildirib. Bu isə o deməkdir ki, 1 ayda bank əmanətlərində 141 milyon manat azalma qeydə alınıb. Maraqlıdır, bu, əmanət dövriyyəsinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, banklarda son bir ayda əmanətlərin həcminin 141 milyon manat azalmasının əsas səbəbi müflis olmuş “Muğan Bank” ASC-də qorunan əmanətlər üzrə noyabr ayının 27-dən etibarən kompensasiya ödənişlərinin aparılmasıdır:

“Son iki gündə Əmanətlərin Sığortalanmsı Fondu tərəfindən ləğv prosesində olan “Muğan Bank” ASC-nin əmanətçilərinə 100 milyon manat vəsait ödənilib. Kompensasiya ödənişləri agent banklar olaraq seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin bütün ölkə üzrə filial şəbəkələri vasitəsilə həyata keçirilir. Cari ilin əvvəlindən əmanətlərin həcminin azalmasının bir səbəbi bu il fevral ayının 1-dən etibarən əmanətlər üzrə dividentlərə 10% vergi tətbiq olunmasıdırsa, digər bir səbəb əmanətlərə banklar tərəfindən ödənilən faizlərlə inflyasiya arasında uyğunsuzluqdur”.

Fikrət Yusifov

Sabiq nazirin sözlərinə görə, inflyasiyanın 10-12 faiz olduğu bir dönəmdə əmanət sahibi əmanətə görə bankdan 6-8 faiz divident almağı sərfəli variant hesab etmir və o vəsaitini daha çox gəlir gətirə biləcək istiqamətlərdə yatırmağa üz tutur.

Zaira Akifqızı
Globalinfo.az