
“Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınır. Paralel olaraq, nağdsız ödənişlərə maraq yaranır. Bu, biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
O bildirib ki, plastik kartlardan istifadə zamanı bankların yüksək komissiya haqları müəyyənləşdirilməsi sahibkarlar üçün ciddi məsələdir:
“POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaradır, istehlakçı qiymətlərinə təsir göstərir. Əksər hallarda həmin xəclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, bu xərcin nə qədər böyük olmasını təsəvvür etmək çətin olmaz.
2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub. İl ərzində nağdsız pərakəndə ticarət dövriyyəsi 24.5 milyard manata çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar. Bu böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan arzuolunan deyil”.
Deputatın sözlərinə görə, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır:
“Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər yoxdur. Bu isə bankların daha yüksək komissiyalar müəyyənləşdirməsinə səbəb olur. Digər tərəfdən, Mərkəzi Bankın plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Daxili İnterçeync sisteminin formalaşdırılması bankların yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər”.
Zaira Akifqızı
Globalinfo.az