2025-ci ildə cəmi depozit və əmanətlərin 15 milyard 368 milyon manatı, yəni 37 faizi xarici valyutada yerləşdirilib. 2024-cü ildə isə xarici valyutada depozitlərin payı təxminən 33-34 faiz civarında idi.
Əhali niyə xarici valyutada daha çox əmanət saxlayır? Bu seçim məqsədəuyğundurmu? Xarici valyutada depozit yerləşdirmək manatdan daha sərfəlidir?
Globalinfo.az-a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib ki, insanlar depozit əmanətləri yerləşdirərkən əmanətlərinin qorunmasında maraqlıdırlar:
Ruslan Atakişiyev
“Qorunan əmanətlərin maksimal həddi 100 min manatdır, bundan yuxarı məbləğ isə artıq qorunmur. Ona görə də vəsaiti çox olan bəzi əmanətçilər öz ehtiyatlarını xarici valyutada saxlamağa üstünlük verirlər. Bu, həm regional, həm də beynəlxalq səviyyədə baş verən proseslər, eləcə də mətbuatda devalvasiya ilə bağlı həqiqətə tam uyğun olmayan məlumatların yayılması ilə əlaqədardır. Baş verən proseslər insanlar arasında psixoloji qorxu yaradır, vəsaiti daha çox olan vətəndaşlar pullarını dollarla saxlamağa meyilli olurlar. Əslində hazırda manatla yerləşdirilən depozitlərdə faiz gəlirləri daha yüksəkdir. Lakin statistika göstərir ki, əmanətçilər arasında dollara üstünlük verənlər kifayət qədərdir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əhalinin xarici valyutada daha çox əmanət saxlaması əsasən maliyyə sabitliyi və inflyasiya ilə bağlıdır:
“Xarici valyuta, xüsusilə ABŞ dolları və avro adətən, manatla müqayisədə daha stabil qiymətə malik olur və inflyasiyadan daha az təsirlənir. Bu səbəbdən insanlar pulunun dəyərini qorumaq üçün xarici valyutada depozitə üstünlük verirlər. Bu seçim bir tərəfdən məqsədəuyğundur, çünki əmanətçilər pulun real dəyərini qorumaq istəyirlər. Digər tərəfdən, manatla olan depozitlərin də üstünlükləri var. Məsələn, faiz dərəcələri ölkə iqtisadiyyatına uyğun müəyyənləşir və manatın sabitliyi qorunarsa, milli valyuta ilə depozit saxlamaq əlverişli ola bilər”.
Akif Nəsirli
İqtisadçı qeyd edib ki, xarici valyutada depozit yerləşdirmək hər zaman manatdan daha sərfəli deyil:
“Əsas məsələ faiz dərəcələri və valyuta kurslarının dəyişməsidir. Əgər manat nisbətən sabitdirsə və faizlər yüksəkdirsə, manatla depozit saxlamaq da faydalı ola bilər. Amma valyuta kursu qeyri-sabitdirsə və inflyasiya yüksəkdirsə, xarici valyutada əmanət yerləşdirmək münasibdir. Ümumiyyətlə, əhali bu seçimi pulun dəyərini qorumaq və gələcəkdə itki riskini azaltmaq məqsədilə edir”.
Zaira Akifqızı
Globalinfo.az