Bank kartları gündəlik həyatımızı asanlaşdırsa da, bəzən ciddi çətinliklərə yol açır. Bunlardan biri də yanlış hesaba pul köçürülməsi ilə bağlıdır. Məsələn, bir rəqəm səhvi vəsaitin başqasının hesabına göndərilməsinə səbəb ola bilər.
Belə halda nə etmək lazımdır? Pulun geri qaytarılması mümkündürmü?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, belə hallar Mülki Məcəllə, Banklar haqqında qanun və ödəniş xidmətləri haqda normativ aktlarla tənzimlənir:
“Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, səhvən edilən ödənişlər “əsassız varlanma” kimi qiymətləndirilir. Hüquqi qaydada vəsaitin geri qaytarılması mümkündür. Əgər şəxs texniki səhvə görə başqa birinə pul göndəribsə, həmin adam vəsaiti qaytarmağa borcludur. Qarşı tərəf könüllü razılaşmazsa, vətəndaş məhkəməyə müraciət edə bilər.”
Ellada Bayramova
Hüquqşünas bildirib ki, bu proses vətəndaşın banka müraciəti ilə başlayır:
“Şəxs banka yazılı və ya elektron formada müraciət etməlidir. Ardınca müvafiq bank qarşı tərəfin bankına bildiriş göndərir. Lakin onların razılığı olmadan vəsait avtomatik geri qaytarıla bilməz. Həmin şəxs razılıq verirsə, pul geri ödənilir. Əks halda, məhkəmə vasitəsilə tələb edilir. Həmçinin qarşı tərəf pulu bilərəkdən qaytarmırsa və vəsaitin ona aid olmadığını bildiyi halda istifadə edirsə, bu, qanunsuz varlanma, bəzən isə dələduzluq kimi qiymətləndirilə bilər. Məhkəməyə müraciət zamanı köçürmə qəbzi, bank yazışmaları və digər sənədlərlə ödənişin səhvən edildiyi sübut olunmalıdır”.
Ləman Hüseynzadə
Globalinfo.az