Bakıya yeni avtobuslar gətirilir: “elektrik, yoxsa dizel mühərrikli” sualına cavab axtarılır

Bakının marşrut xəttinə növbəti elektrik mühərrikli avtobus buraxılıb. “Bakı Bus”ın yaydığı məlumata görə, ilk belə avtobus sentyabrda “20-ci sahə”-“Nəriman Nərimanov” metrostansiyası istiqamətini əhatə edən 5 nömrəli marşrut xəttinə buraxılıb.

Bu tip avtobusların sayı artırıla bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, avtobus parkının yenilənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda Bakıya 1000 ədəd yeni avtobus lazımdır:

“600 ədədi ümumi lazım olan sayı düzəltmək üçün, 400 ədəd isə xətdən çıxarılacaq avtobusların yerinə lazımdır. Həmin avtobuslar istismara yararsız və çox təhlükəlidirlər. 1000 avtobusun elektrik mühərrikli, SNC – yəni sıxılmış qazla və ya dizellə işləyən olması müzakirə olunur. Məsələn, İtaliya, Fransa və bir çox ölkələrdə də dizeldən istifadə olunur. Sadəcə, həmin ölkələrdə dizelin tərkibi o qədər təmizdir ki, ətraf mühitə heç bir ziyan vurmur. Azərbaycanda isə dizel yararsız olduğu üçün biz ondan qaçmaq istəyirik”.

Elməddin Muradlı

E.Muradlı deyib ki, bizə lazım olan 1000 ədəd avtobusun hamısını elektrikli alsaq, bu, çox baha başa gələcək:

“Elektrik mühərrikli avtobusun biri təxminən bir milyon civarındadır, SNC 300-400 min manat, dizel mühərrikli isə 250 min manatdır. İlin-günün bu vaxtı hamısını elektrikli almaq nə dərəcə doğru olar? SNC alsaq, 5 il sonra nə edəcəyik? Dizel olsa, aqibəti necə olacaq? Hələ ki, bu sualların cavabını axtarırlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, eləcə də daşıyıcı şirkətlər hazırda bunu müzakirə edirlər. Ümumiyyətlə, dizel mühərrikli nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi artıq qadağandır. Nazirlər Kabinetinin qərarı var idi, o qərarı da ötən il bir illik artırdılar. Bu qərar sabiq baş nazir Novruz Məmmədovun dövründə imzalanmışdı. Qalır SNC və elektrik avtobuslar.

Əlbəttə, elektrik avtobuslar yaxşıdır, üstün cəhədləri var. Amma dünyada elektomobillərlə bağlı gedən proseslərə baxdıqda görürük ki, soyuq havada elektrik avtomobillər qızmır, onun istilik sistemini işə salmaq olmur və ya sıradan çıxır, yanma halları da baş verir. Bunların hamısı təhlil olunmalı, sonra yekun bir qərar verilməlidir. Hələlik tək-tək də olsa test üçün gətirirlər. Görək, bu testin ümumi nəticəsi necə olacaq. Nəticəyə baxdıqdan sonra qərar veriləcək”.

Zaira Akifqızı
Globalinfo.az