Azərbaycanda yeni yaşayış binaları tikilir, mənzillər satışa çıxarılır. Bildirilir ki, bu binalarda hər cür şərait var, lakin ən vacib məsələ – sakin yoxdur.
Bəs mənzillərin boş saxlanmasının səbəbi nədir? Bu vəziyyət daşınmaz əmlak bazarına necə təsir edir?
Globalinfo.az-a danışan əmlak eksperti Elnur Azadov deyib ki, zəngin insanlar çox vaxt bunu investisiya məqsədilə edirlər:
“Premium və delüks sinifə aid binalarda isə bu tendensiya daha çoxdur. Yaxud da əksər hallarda nəvələri, nəticələri üçün alırlar, gələcəkdə təmir etməyi, satmağı və ya icarəyə verməyi planlaşdırırlar. Belə hallar daha çox bu sinfə aid binalarda olur”.
E.Azadov bildirib ki, inşaat həcmi 2016-2026-cı illər arasında 8-10 dəfə azalıb:
“Rəqabət də buna görə pozulub. Hazırda son illər ərzində qiymət artımı onunla bağlıdır ki, bazara çıxarılan mənzillər bazarın tələbatını təmin edə bilmir. Qiymətlər də normadan çox yüksəlib. Ekonom seqmentə aid binalar çox az tikilir. Yəni bu gün şəhərə baxsaq, il ərzində cəmi 5-10 tikinti şirkəti icazə alır. Amma vaxt var idi ki, il ərzində 100 icazə verilirdi. Bazarda az-çox tələbat var, rəqabət pozulub, qiymətlər normadan yuxarıdır və dayanmadan artır”.
Zaira Akifqızı
Globalinfo.az