Bulvar 32

“İctimai yerlərdə qadınların, uşaqların və vətəndaşların təhlükəsizliyinin təmin olunması dövlətin əsas öhdəliklərindən biridir”.

Bunu Globalinfo.az-a açıqlamasında hüquqşünas Ellada Bayramova bulvarda 47 yaşlı Şamxal Nəcəfovun gənc qıza qarşı əxlaqsız hərəkətlər etməsi haqda danışarkən deyib.

Həmin şəxsin foto və videosunun dərhal yayımlanmamasına münasibət bildirən hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç bir şəxs təqsirli hesab edilə bilməz:

“Bu səbəbdən saxlanılan şəxsin görüntüsünün yayılması yalnız hüquq-mühafizə orqanlarının rəsmi qərarı və istintaq maraqları əsasında mümkündür. Əks halda, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqət hüquqları ilə bağlı hüquqi mübahisələrin yaranması mümkündür”.

ellada

Ellada Bayramova

Hüquqşünas bildirib ki, əgər şəxsin davranışı ictimai təhlükə yaradırsa, yeni zərərçəkənlərin ortaya çıxması ehtimalı varsa və ya cəmiyyətin məlumatlandırılması zəruri hesab edilirsə, hüquq-mühafizə orqanları müəyyən hallarda həmin şəxsin görüntüsünü ictimaiyyətə təqdim edə bilər:

“Dünyanın bir çox ölkəsində bu praktika preventiv təhlükəsizlik tədbiri kimi tətbiq olunur. Burada əsas məsələ ictimai təhlükəsizliklə “linç mədəniyyəti” arasındakı həssas balansın qorunmasıdır. Hüquqi dövlət həm vətəndaşların təhlükəsizliyini təmin etməli, həm də heç kəsin məhkəmə hökmü olmadan kütləvi qınaq obyektinə çevrilməsinə yol verməməlidir. Buna görə də məsələyə emosional deyil, hüquq və ictimai təhlükəsizlik prinsipləri əsasında yanaşmaq lazımdır”.

Qeyd edək ki, ötən gün Bulvarda qadına qarşı qeyri-etik hərəkət edən şəxs daha sonra köməyə gələn oğlana da bıçaqla hücum edib. 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra hadisənin görüntüləri yayılıb. Bundan əvvəl isə sözügedən şəxsin fotosunun paylaşılmaması sorğulanırdı. Hətta əksər vətəndaşlar təhlükəsizlik tədbiri kimi bunu tələb edirdilər.

Ləman İmran
Globalinfo.az

Paylaş: