Bakının mərkəzində insident – “Porsche”nin sürücüsü saxlanıldı

Bakıda yol polisinin saxladığı avtomobilin sürücüsü polisə müqavimət göstərib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Yasamal rayon Füzuli küçəsi “Grand” hotelin qarşısında baş verib. DYP əməkdaşları yol hərəkəti qaydalarını pozan “Porsche Cayenne” markalı avtomobili saxlayıblar. Bu zaman avtomobilin 40 yaşlı sürücüsünün sürücülük hüququnun məhdudlaşdırılması da məlum olub. Sürücü isə bu barədə məlumatsız olduğunu bildirib. DYP işçiləri sürücünün maşından düşməsini tələb etdikdə isə, o etiraz edib və insident böyüyüb. Nəticədə yol polisi əraziyə post patrul əməkdaşlarını çağırıb.

Sürücü saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb və onun barəsində protokol tərtib edilib. Daha sonra Yasamal rayon Məhkəməsinə aparılan sürücü 100 manat cərimə edilərək sərbəst buraxılıb.

Malik
Globalinfo.az