Bakının Ermənistanla bağlı bildiyi gerçək – “Dəhşətli olacaq”

Ermənistanın sürətli şəkildə silahlanması və bu prosesdə İran, Hindistan, Fransanın aktiv şəkildə iştirak etməsi regionda gərginliyi artırır. Bəzi ekspertlər hesab edir ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Bununla belə İrəvanın Bakı ilə yeni müharibədə qələbə şansı çox azdır.

Ermənistan daha bir dəfə Azərbaycanla müharibə etsə, çətin ki, dikələ bilə. Bəs onu bu macəraya, avantüraya niyə itələyirlər? Fransanın və digərlərinin bundan qazancı nədir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Cənubi Qafqazda məhz Ermənistanın destruktiv fəaliyyəti nəticəsində ciddi qarşıdurma vəziyyəti yaranıb:

“Ermənistan bu gün müharibənin, hətta məhv olmağın astanasındadır. müharibə və düşmənçilik ritorikasının qarşısı alınmasa və ya Ermənistan düşdüyü vəziyyətin nə qədər ciddi olduğunu dərk etməsə qarşısıalınmaz hadisələrin baş verəcəyini heç kim inkar etmir.

Ermənistan məhz Fransanın təkidi ilə regionda vəziyyəti daha da gərginləşdirməkdə davam edir. Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasını proqnozlaşdıranların sayı hər keçən gün artmaqdadır. Ermənistanda isə bir qədər də irəli gedərək bu müharibənin artıq qaçılmaz olduğunu bildirirlər.

Təbii ki, Paşinyan və onun ətrafındakılar Azərbaycanla həm də Rusiya ilə vəziyyəti gərginləşdirməklə indiki düşdüyü ağır şəraitdən çıxmağa cəhd edirlər. Bu gün onlar müharibəsiz belə uçurumun kənarındadırlar və tezliklə çox ciddi hadisələrlə üzləşəcəklərini bilirlər. Məhz ona görə də Ermənistan hakimiyyəti öz uğursuzluqlarını baş verə biləcək müharibənin üzərinə atmaq istəyir. Əlbəttə apardıqları siyasətin iflasa uğramasını etiraf edib kənara çəkilmək onlar üçün daha dəhşətli gəlir”.

Politoloqun sözlərinə görə, ermənilər inanırlar ki, Azərbaycanla növbəti müharibəyə girsələr, onlara yardım edənlərin sayı daha çox olacaq və onlar bu yardımların sayəsində xilas ola biləcəklər:

“Amma onların hipotetik xilas yolları sadəcə xəyallarında qalacaq. Çünki İrəvanın son günlər daha da artan ciddi təxribatlarına baxmayaraq Azərbaycan müharibə ritorikasından uzaqdır və ermənilərə öz xülyalarını həyata keçirməyə imkan verməyəcək. Azərbaycan müharibəyə öz mövcudluğu üçün ciddi təhlükə hiss etdiyi zaman başlayacaq. Bu təhlükə isə hələ yoxdur və uzun illər olmayacaq. Amma Ermənistan Azərbaycan olmadan belə müharibə və dağılmaqla üz-üzədir. Onun Rusiyaya qarşı elə məhz Fransanın təkidi altında etdiyi demarşlar cavabsız qalmayacaq.

Rusiyanın Ermənistanı cəzalandıracağı gün uzaqda deyil. Bu cəza qarşısında Ermənistana heç kim yardım etmək gücündə olmayacaq. Ermənistanın cəzalandırılması Gürcüstan və Ukraynanın cəzalandırılmasından daha dəhşətli olacaq. Məhz buna görə də Azərbaycan son hadisələr fonunda özünü daha təmkinli aparır. Azərbaycan Ermənistanın artıq son günlərini yaşadığından xəbərdardır.

Fransa isə Rusiyaya qarşı ikinci cəbhə açmaqla onun vəziyyətini bir qədər ağırlaşdırmaq istəyir. Makronun düşüncəsinə görə, Ermənistanın Rusiyaya qarşı demarşları Kremlin bu regiona diqqətini artıracaq, əlavə qüvvələrin bura cəlb olunmasını tələb edəcək. Amma onlar unudurlar ki, Rusiyadan əlavə qüvvə ayrılmadan belə 102-ci baza Ermənistanın öhdəsindən gələcək”.

Turan Rzayev
Globalinfo.az