Azərbaycanda İran casuslarına qarşı əməliyyatlar davam edir. Bununla yanaşı, Bakı və Tehran arasında əlaqələrdə, diplomatik münasibətlərdə mülayimləşmə sezilir.
Sözügedən əməliyyatlar münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycanda təkcə İran casusları deyil, ölkəmizə qarşı fəaliyyət göstərən bütün kəşfiyyat orqanları ilə bağlı əməliyyatlar keçirilir:
“Fransanın kəşfiyyat orqanlarına, Rusiya ilə bu sahədə əməkdaşlıq edən şəxslərə qarşı əməliyyatlar bunun sübutudur. Amma İrana və onun xüsusi xidmət orqanlarına işləyən vətəndaşlarımızın adının tez-tez hallanması hadisələrin kütləviliyi ilə əlaqədardır. İran həqiqətən Azərbaycanda çoxpilləli kəşfiyyat hücrələri qurub və onların ifşa olunması hələ davam edəcək. Düşünürəm ki, bu heç də Azərbaycan-İran münasibətlərinin səciyyəsi ilə bağlı deyil. Bir anlığa təsəvvür edək ki, Azərbaycan-İran münasibətləri ən yüksək inkişaf mərhələsindədir və Tehran Bakıya qarşı kəşfiyyat əməliyyatları aparır. Azərbaycan bu zaman casuslara qarşı addımlar atmayacaqdımı?
Əlimusa İbrahimov
Bu gün ölkəmizdə İran kəşfiyyat orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının sayı ifşa olunanlardan dəfələrlə çoxdur və düşünürəm ki, böyük hissəsi barədə təhlükəsizlik orqanlarında məlumatlar var. Sadəcə, hər hansı agentin ifşa edilməsindən qabaq hüquq-mühafizə orqanlarımız uzun müddət tədqiqat aparır və onlardan daha təhlükəlilərini istintaqa cəlb edir.
Onu da qeyd edim ki, Azərbaycanda İranla əməkdaşlıq edən vətəndaşların tutulmasının ikitərəfli münasibətlərə təsirinə gəlincə, rəsmi Bakı öz təhlükəsizliyini heç bir ölkə ilə münasibətlərə qurban vermək fikrində deyil. Azərbaycan onunla yaxşı münasibətlərdə olan ölkələrlə adekvat münasibətlər qurur. Qoy İran öz kəşfiyyatçılarını Azərbaycana göndərəndə bu barədə düşünsün”.
Safura Bənnayeva
Globalinfo.az