Bakını partladan “dərvişlər”, öncədən kimləri görmüşlər? – 31 dekabrdakı partapartdan qazanılan milyonlar

 

Hər il bayram öncəsi pirotexniki vasitələrə qarşı kəskin mübarizələrin aparıldığı deyilsə də, yenə də fişəng satışı və istifadəsi həyata keçirilir. Bayram günü həmin partlayıcı maddələr səbəbindən “Azərişıq” ASC-yə məxsus yarımstansiyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35 kV-luq əsas xətt, həmçinin 6 kV-luq yeraltı kabellərin zədələnməsi nəticəsində Abşeron və Binəqədi rayonunlarının bir hissəsinin elektrik enerji təchizatı dayandırılıb. Bundan başqa Xətai rayonu, Əhmədli qəsəbəsində mənzil yanıb. Maraqlıdır, qadağan olunmuş vasitələr ölkəyə necə keçirilir?

Globalinfo.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına aiddir.

“Pirotexniki vasitələrin ölkə ərazisinə qanuni idxalı mümkündür. Bunun üçün ilk növbədə xarici iqtisadi fəaliyyət iştirakçısı Fövqəladə Hallar Nazirliyindən xüsusi icazə sənədi almalı, ardınca isə Nazirlər Kabinetinə müraciət edərək müvafiq sərəncam əldə etməlidir. Bundan sonra gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq idxal fəaliyyətini həyata keçirməklə pirotexniki məmulatların ölkə ərazisinə idxalını təşkil edə bilər”.

Pirotexniki vasitələr satan mağaza sahibi cərimələndi

Qurumdan verilən məlumata görə, hər il Yeni il öncəsi bu cür vasitələrin gömrükdən qaçaqmalçılıq yolu ilə keçirilməsi faktları aşkarlanır:

“Son iki il ərzində bir milyondan çox pirotexniki vasitələr gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb və qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda bu fəaliyyətlə məşğul olan şəxslər məsuliyyətə cəlb olunublar”.

Globalinfo.az bildirir ki, böyük maddi dövriyyəsi olan bu biznesin xüsusi himayəçiləri var. Onların vasitəsilə hər il Azərbaycana küllü miqdarda pirotexniki vasitələr gətirilir. Bu məhsulların müəyyən hissəsi qanuni şəkildə qeydiyyata düşür. Amma qeyri-leqal yollarla da xeyli sayda məhsul bazarlara çıxarılır.

Zaira Akifqızı

Globalinfo.az